Orta Şərqdə artan geosiyasi gərginlik beynəlxalq hava nəqliyyatı və turizm sektoruna təsir göstərməyə başlayıb. Artan yanacaq qiymətləri, bəzi hava məkanlarının bağlanması və uçuş marşrutlarının uzanması aviaşirkətlərin xərclərini artırır.
Turizmplus.az xəbər verir ki, son dövrlərdə təyyarə yanacağının qiyməti kəskin dəyişkənlik nümayiş etdirib. Bir müddət əvvəl təxminən 85–90 dollar olan qiymət 200 dollara qədər yüksəlib. Hazırda isə yenidən 90 dollar civarında sabitləşib. Bu dalğalanma bir sıra aviaşirkətləri biletlərin qiymətini artırmağa məcbur edib.
Aviasiya analitiklərinə görə, təyyarə yanacağı personal xərclərindən sonra sektorun ikinci ən böyük xərc maddəsidir və ümumi əməliyyat xərclərinin təxminən 20–25 faizini təşkil edir.
Eyni zamanda hava məkanı məhdudiyyətləri də uçuşlara təsir edir. Aviaşirkətlər münaqişə bölgələrindən yan keçmək məcburiyyətində qaldığı üçün uçuş müddəti uzanır və daha çox yanacaq sərf olunur.
Ekspertlər hesab edir ki, münaqişə uzun müddət davam edərsə və regionun əsas hava qovşaqları olan Dubay, Abu-Dabi və Qətərdə əməliyyatlar məhdudlaşarsa, xüsusilə Cənub-Şərqi Asiya və Okeaniya istiqamətlərində uçuşların sayı azala və biletlər daha da bahalaşa bilər. Bu halda alternativ turizm istiqamətlərinə tələbin artması ehtimal edilir.

