Misirdə nəhəng turizm mərkəzi inşa edilir
Misir yay aylarında turizmdə Aralıq dənizində ən böyük rəqibi olan Türkiyə ilə rəqabət aparacaq nəhəng yerləşmə obyektinin tikintisinə başlayıb.
Turizmplus.az xəbər verir ki, “South Med” adlanan yeni obyekt 21 milyard dollarlıq sərmayə ilə dövlət-özəl tərəfdaşlığı ilə həyata keçiriləcək. Layihənin əsas investoru Talaat Moustafa Group (TMG) olacaq.
“South Med” 2000-dən çox mehmanxana otağı, yaşayış evləri və böyük beynəlxalq marinadan ibarət olacaq.
Məşhur amerikalı aktyor Silvestr Stallonenin səfiri olacağı obyektdə yaxtalar və kruiz gəmiləri üçün böyük marina, restoranlar, ticarət mərkəzləri, əyləncə mərkəzləri və qolf meydançaları yer alacaq. 1,6 milyon insana iş yeri yaradacaq və hər il hökumətə 21 milyard dollar vergi gətirəcək layihənin birinci mərhələsinin 3 il ərzində başa çatdırılacağı vəd edilib.
Bu layihə ilə Misir başda Türkiyə olmaqla digər istiqamətlərlə daha yaxşı rəqabət aparmağı planlaşdırır.