GÖYDƏNİZ QƏHRƏMANOV: “Aviabiletlərin bahalılığı turist axınının artım tempinə maneə törədən amillərdən biri kimi qalır”
“Turizmin inkişafında aviasiya infrastrukturu mühüm rol oynayır. Yeni hava limanlarının istifadəyə verilməsi, uçuş istiqamətlərinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ölkəmizin turizm əlçatanlığını artırmışdır”.
Turizmplus.az xəbər verir ki, bu sözləri millət vəkili Göydəniz Qəhrəmanov fevralın 27-də parlamentdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmə zamanı qeyd edib.
“Bununla belə, əsas hava limanlarında tətbiq olunan hava limanı yığımlarının yüksək olması və aviabiletlərin bahalılığı turist axınının artım tempinə maneə törədən amillərdən biri kimi qalır. Hava limanı rüsumlarının optimallaşdırılması, aşağıbüdcəli aviaşirkətlərin daha geniş cəlb edilməsi və regional hava limanlarının aktiv istifadəsi turizm axınının artmasına mühüm töhfə verə bilər”, – deyə millət vəkili bildirib.

