“Gabala Karvansaray” hotelinə genişmiqyaslı info-tur təşkil edilib – FOTOLAR

Yanvar 13, 2026 15:06 / 251
“Gabala Karvansaray” hotelinə genişmiqyaslı info-tur təşkil edilib – FOTOLAR
A-
A
A+

10–11 yanvar tarixlərində Qəbələdə yerləşən “Gabala Karvansaray” hoteldə genişmiqyaslı infotur təşkil olunub. Tədbir ölkənin aparıcı turizm şirkətlərinin nümayəndələrini bir araya gətirərək, Qəbələ bölgəsinin turizm potensialının və otelin imkanlarının daha yaxından tanıdılmasına xidmət edib.

cbx-add

“Gabala Karvansaray” hotelinin Satış Direktoru Elçin Əsgərovun Turizmplus.az saytına verdiyi məlumata görə, bu infotur otelin təşkil etdiyi ikinci böyük infoturdur. İlk infotur dekabr ayında baş tutub və tədbirdə 48 incoming (gəlmə) turizm şirkətinin nümayəndəsi iştirak edib. Yanvar ayında keçirilən ikinci infoturda isə 44 iri turizm şirkəti təmsil olunub ki, bu da bazarın otelə olan marağının yüksək olduğunu göstərir.

İnfoturun əsas məqsədi Qəbələ bölgəsinin turizm imkanlarını, eyni zamanda “Gabala Karvansaray” Hotelinin yerləşmə imkanlarını, xidmət səviyyəsini və qonaqpərvərlik konseptini turizm bazarına daha yaxından təqdim etmək olub. Tədbir çərçivəsində iştirakçılara otelin otaqları, ümumi infrastrukturu, restoranları, SPA mərkəzi və digər xidmət sahələri ətraflı şəkildə nümayiş etdirilib.

Tədbir zamanı turizm şirkətləri ilə canlı ünsiyyət qurulub, qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıqlar üçün ilkin razılaşmalar əldə olunub. Keçirilən infotur tərəfdaşlar arasında əlaqələrin gücləndirilməsinə, yeni işgüzar münasibətlərin qurulmasına və Qəbələnin turizm destinasiyası kimi mövqeyinin daha da möhkəmlənməsinə zəmin yaradıb. Səmimi atmosfer və yüksək təşkilatçılıq iştirakçılar tərəfindən müsbət qarşılanıb.

Elçin Əsgərov bildirib ki, fevral ayı üçün növbəti böyük infoturun planlaşdırılması üzərində artıq işlər aparılır. Məqsəd bölgənin və otelin tanınmasını daha da artırmaq, Qəbələnin turizm bazarında payını genişləndirmək və uzunmüddətli, davamlı əməkdaşlıqlar qurmaqdır.

Qeyd edək ki, bu cür infoturların mütəmadi təşkili region turizminin inkişafına, yerli otellərin tanıdılmasına və bazar dəyərinin yüksəldilməsinə mühüm töhfə verir. Xüsusilə də incoming turizmin gücləndirilməsi baxımından belə təşəbbüslər strateji əhəmiyyət daşıyır.

Gabala Karvansaray Hotel 159 otaqdan ibarət, Şərq üslublu memarlığı və tarixi karvansaray ab-havasını özündə əks etdirən böyük turizm kompleksidir. Oteldə standart, superior, ailələr üçün geniş ailə otaqları, eləcə də böyük və komfortlu suite otaqlar mövcuddur ki, bu da müxtəlif kateqoriyalı qonaqlar üçün rahat seçim imkanı yaradır.

Kompleksin ərazisində açıq və qapalı hovuzlar fəaliyyət göstərir. Qonaqlar üçün ayrıca xanımlar və bəylər üçün nəzərdə tutulmuş SPA mərkəzi mövcuddur. SPA zonasında fitnes zalı, sauna, Türk hamamı, buxar otağı və masaj otaqları yer alır.

Asudə vaxtın səmərəli təşkili üçün oteldə bilyard, stolüstü tennis, PlayStation oyun otağı, eləcə də uşaqlar üçün xüsusi oyun otağı fəaliyyət göstərir ki, bu da ailəvi istirahət üçün əlavə üstünlüklər yaradır.

Qonaqların zövqünə uyğun olaraq oteldə açıq havada və qapalı məkanlarda fəaliyyət göstərən à la carte restoranlar mövcuddur. Restoranlarda milli və beynəlxalq mətbəxin seçmə nümunələri təqdim olunur.

Maraqlı məqamlardan biri də odur ki, bayram günlərində oteldə xüsusi şou proqramları təşkil edilmir. Bu yanaşma daha çox sakit, komfortlu və dinc istirahətə üstünlük verən qonaqlar üçün ideal mühit yaradır.

Bütün bu imkanlar Gabala Karvansaray Hotelini Qəbələdə həm ailəvi istirahət, həm də turizm tərəfdaşları üçün cəlbedici, rəqabətqabiliyyətli və perspektivli məkana çevirir. Keçirilən infotur isə bir daha göstərdi ki, otel bölgə turizminin inkişafında aktiv rol oynamağa və bazarda mövqeyini daha da gücləndirməyə iddialıdır.

Oxşar xəbərlər