Dələduzluqlar fonunda turistlər hansı agentliklərə etibar etməlidir? – TURİZMÇİLƏR DANIŞIR

Oktyabr 2, 2025 14:44 / 688
Dələduzluqlar fonunda turistlər hansı agentliklərə etibar etməlidir? – TURİZMÇİLƏR DANIŞIR
A-
A
A+

Hər il minlərlə azərbaycanlı müxtəlif ölkələrə səyahət etmək üçün tur paketləri əldə edir. Təəssüf ki, bu prosesdə bəzi vətəndaşlar dələduzluq halları ilə də üzləşirlər – saxta tur paketləri, mövcud olmayan otel rezervasiyaları, yaxud yalnız kağız üzərində mövcud olan turizm şirkətləri insanları aldadaraq həm maliyyə, həm də vaxt itkisinə səbəb olur.

cbx-add

Mütəxəssislər bildirirlər ki, belə halların qarşısını almaq üçün turistlər diqqətli olmalı və etibarlı turizm agentliklərinə müraciət etməlidirlər. Onların sözlərinə görə, düzgün agentlik seçimi həm səyahətin keyfiyyətini, həm də insanın təhlükəsizliyini təmin edir.

Bu mövzuda Greenwich Travel Club-un direktoru Səbinə Bağırova, ERA Travel şirkətinin direktoru Anar ƏliyevHabiba Travel-in təsisçisi Nigar Həbibzadə Turizmplus.az-a öz məsləhətlərini bölüşüblər.

Səbinə Bağırova, Greenwich Travel Club-un direktoru:

“Turistlərə nüfuzlu turizm agentliklərinə müraciət etməyi məsləhət görərdim. İlk növbədə, belə agentliyin fiziki ofisi olmalıdır və həmin ofisin giriş qapısında Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) tərəfindən verilmiş nişan yerləşdirilməlidir. Bu nişan agentliyin ATAA-nın üzvü olduğunu təsdiqləyir və bir növ ‘keyfiyyət göstəricisi’ sayılır.

İkinci məqam – turizm xidmətlərini alarkən mütləq müqavilə bağlamaq lazımdır. Düzgün fəaliyyət göstərən agentlik bütün lazımi müqavilə formalarına malik olmalıdır.

Üçüncü olaraq, təqdim olunan qiymətlərə diqqətlə yanaşmaq vacibdir. Əgər söhbət ‘axırıncı dəqiqə’ tur promosyonlarından getmirsə, amma təklif olunan qiymətlər bazardan xeyli ucuzdursa, bu, ciddi şübhələr doğurmalıdır”.

Anar Əliyev, ERA Travel-in direktoru:

“Etibarlı turizm agentliyi seçmək üçün bir neçə əsas məqam var. İlk növbədə şirkətin yerləşdiyi ofis ünvanı, neçə ildən fəaliyyət göstərməsi və əməkdaşlarının sayı önəmlidir.

Bundan başqa, dövlət qeydiyyatı və ATAA üzvlüyü mütləq nəzərə alınmalıdır. Şirkət haqqında məlumat aldığınız insanların etibarlılığı da vacibdir. Sosial mediada şirkət barədə yazılan şikayətləri izləmək və həmin şikayətlərin necə həll olunduğunu görmək lazımdır.

Həmçinin rezervasiya olunduqdan sonra müştəri öz imkanları ilə rezerv edilən otellə əlaqə saxlayaraq təsdiq almalıdır. Bu, daha da etibarlılıq yaradır”.

Nigar Həbibzadə, Habiba Travel-in təsisçisi:

“Turizm agentliyi seçərkən müştəri təcrübəsi və rəylər çox vacibdir. Google, TripAdvisor, Facebook və Instagram kimi platformalarda real müştəri rəyləri, fotolar və şərhlər seçimdə mühüm rol oynayır.

Şirkət müxtəlif büdcələrə uyğun tur paketləri, ekskursiyalar, transfer xidmətləri təqdim etməlidir. Qiymətlər şəffaf olmalı, lakin bazarda ən ucuz təklif olmamalıdır.

Müştəri ilə ünsiyyət və operativlik də çox önəmlidir. Sual və sorğulara tez və peşəkar cavab verilməli, müştəri xidmətləri nəzakətli olmalıdır. Eyni zamanda təhlükəsizlik və sığorta təklifləri nəzərə alınmalıdır – nəqliyyat, qrup rəhbərləri, professional bələdçilər mütləq təqdim olunmalıdır.

Şirkətin neçə illik təcrübəsindən asılı olmayaraq, real rəy və əməkdaşlıq nümunələri göstərilməlidir. Yerli və beynəlxalq otellərlə, aviaşirkətlər, muzey və bələdçilərlə əməkdaşlıq agentliyin etibarlılığını artırır.

Nəhayət, aktiv sosial media hesabları və rəsmi vebsayt agentliyin işinə ciddi yanaşdığını göstərir. Əlaqə məlumatlarının, ünvanın və vergi nömrəsinin açıq şəkildə təqdim olunması müsbət haldır. Dövlət Turizm Agentliyi tərəfindən verilmiş rəsmi lisenziya və vergi ödəyicisi statusu olan şirkətlər daha etibarlı hesab olunur”.

Oxşar xəbərlər