“Bu il Azərbaycana rekord sayda israilli turist gələcəyini gözləyirik” – İSRAİL SƏFİRİ

2021-2024-cü illərdə İsrail və Azərbaycan arasında qeyri-neft-qaz sektoru üzrə ticarət iki dəfə artıb.

Turizmplus.az “Report”a istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.
“Biz bu illər ərzində qeyri-enerji sektorlarında ticarətin dəyəri 121 milyon ABŞ dollarından 243 milyon ABŞ dollarına qədər artırdıq”, – diplomat bildirib.
Diplomat İsraildən Azərbaycana turist axınının sürətli artım yaşadığını vurğulayıb: “Bu il Azərbaycana rekord sayda – 50 minə yaxın israilli turist gələcəyini gözləyirik. Bu göstərici iki dəfə arta bilər. Hazırda AZAL İsrailə həftədə 14 reys həyata keçirir. Bu, turizm tariximizdə misli görünməmiş haldır”.
Səfir həmçinin dövlətlər arasında enerji əməkdaşlığının da fəal şəkildə inkişaf etdiyini vurğulayıb.
“Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) İsrailə strateji investisiyalar edərək ən böyük qaz yataqlarımızdan biri olan “Tamar”da 10 % pay əldə edib və BP ilə birlikdə İsrailin I zonasında şelfdə qazın kəşfiyyatı üçün tenderi qazanıb”, – C.Dik deyib.
Diplomat həmçinin qeyd edib ki, İsrailin su təsərrüfatı şirkəti “Mekorot” Azərbaycanın su təsərrüfatı qurumu ilə sıx əməkdaşlıq edir.