Bu gündən Gürcüstana giriş qaydaları dəyişdi – SIĞORTA MÜTLƏQDİR
1 yanvar 2026-cı il tarixindən etibarən Gürcüstana səfər edən bütün xarici vətəndaşlar üçün yeni giriş qaydası tətbiq olunub. Gürcüstan hökumətinin qərarına əsasən, ölkəyə daxil olan əcnəbilər Gürcüstanda olduqları bütün müddəti əhatə edən icbari tibbi və bədbəxt hadisələrdən sığorta sənədini sərhəd-keçid məntəqələrində təqdim etməlidirlər.
Rəsmi məlumata görə, sığorta sənədi həm Gürcüstan, həm də xarici sığorta şirkətləri tərəfindən verilə bilər. Sənəd kağız və ya elektron formada təqdim oluna bilər və gürcü və ya ingilis dillərində olmalıdır. Tibbi sığortanın minimum təminat məbləği 30 000 gürcü larisi həcmində müəyyən edilib.
Yeni qayda Gürcüstana turizm, işgüzar və tranzit məqsədli səfər edən bütün xarici vətəndaşlara şamil olunur. Diplomatik pasporta malik şəxslər, diplomatik nümayəndəliklərin əməkdaşları və beynəlxalq sazişlərdə nəzərdə tutulmuş bəzi kateqoriyalar bu tələbdən istisna edilə bilər.
Rəsmi qurumlar bildirir ki, sığorta sənədinin təqdim edilməməsi halında sərhəd xidmətləri tərəfindən ölkəyə girişin məhdudlaşdırılması mümkündür. Bu səbəbdən Gürcüstana səfər planlaşdıran şəxslərə səyahətdən əvvəl tibbi sığorta məsələsini həll etmələri tövsiyə olunur.

