“BTS GROUP Travel & MICE” Beynəlxalq turizm ticarət sərgisi və konqresində iştirak edib
3–5 dekabr 2025-ci il tarixlərində İzmir şəhərində keçirilən 19-cuBeynəlxalq Turizm Ticarət Sərgisi və Konqresində BTS GROUP Travel & MICE şirkəti Azərbaycanı yüksək səviyyədə təmsil edib. Şirkətin stendi həm Türkiyə turizm sektoru nümayəndələrinin, həm də fərdi ziyarətçilərin böyük marağına səbəb olub və Azərbaycan turizminin tanıdılması istiqamətində mühüm əməkdaşlıqların qurulmasına imkan yaradıb.
Turizmplus.az xəbər verir ki, sərgi çərçivəsində BTS GROUP, türk şirkətləri və turistlərinin Azərbaycana səfərlərinin artırılması üçün qarşılıqlı layihələr hazırlayıb, müxtəlif əməkdaşlıq protokolları və niyyət razılaşmaları üzrə müzakirələr aparıb. Şirkət komandası Azərbaycanın turizm potensialı, yeni marşrutlar və regional istiqamətlər barədə geniş təqdimatlar həyata keçirib.
BTS GROUP-un direktoru Məltəm Qədimli və təsisçisi Yamil Əsgərov qeyd ediblər ki, 2026-cı ildən etibarən Türkiyədən Azərbaycana gələn turistlərin sayında nəzərəçarpacaq artım gözlənilir. Onların sözlərinə görə, illərdir Azərbaycana gələn türk vətəndaşlarının təxminən 90%-i əsasən qohum ziyarəti məqsədilə səfər edirdisə, son bir ildə ölkəmiz artıq “arzu olunan turistik istiqamət” kimi formalaşmağa başlayıb.
Artımın əsas səbəbləri kimi bunlar göstərilir:
-
Azərbaycan turizminin beynəlxalq arenada aktiv təbliği,
-
Şirkətlərin beynəlxalq sərgi və yarmarkalarda mütəmadi iştirakı,
-
Turistik məhsulların və xidmətlərin daha peşəkar təqdim olunması,
-
Regional və tematik turların genişləndirilməsi.
BTS GROUP rəhbərliyi hesab edir ki, həyata keçirilən bu fəaliyyətlər 2026-cı ildən etibarən türk turistlərinin Azərbaycana marağını daha da artıracaq və həm turizm şirkətlərinə, həm də ümumilikdə ölkənin turizm sektoruna müraciətlərin sayında əhəmiyyətli yüksəlişə səbəb olacaq.

