Bakıda Köln şəhərinin turizm təqdimatına həsr edilən tədbir keçirilib – FOTOLAR

Bakıda Aviareps şirkətinin təşkilati dəstəyi ilə Almaniyanın Köln şəhərinin turizm təqdimatı baş tutub. Tədbirdə 30-a yaxın yerli turizm şirkətinin nümayəndəsi iştirak edib.

Turizmplus.az xəbər verir ki, təqdimatda Köln Turizm Bürosunun Marketinq departamentinin rəhbəri Gregor Gosciniak çıxış edərək şəhərin turizm imkanları barədə geniş məlumat verib. O, Kölnün zəngin mədəni irsə, tarixi abidələrə, həmçinin müxtəlif festivallara və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə seçildiyini diqqətə çatdırıb. Şəhərin həm işgüzar, həm sağlamlıq, həm də istirahət turizmi üçün böyük potensiala malik olduğu vurğulanıb.
Tədbirdə, həmçinin Almaniyanın məşhur beşulduzlu otellərindən biri olan Excelsior Hotel Ernst haqqında məlumat təqdim olunub. Otelin Satış üzrə direktoru Mr. Christos Kouros iştirakçılara otelin imkanları, xidmət keyfiyyəti və qonaqlar üçün təqdim olunan xüsusi üstünlüklər barədə danışıb.
Sonda Excelsior Hotel Ernst tərəfindən tədbir iştirakçılarına hədiyyələr təqdim olunub.
Bu təqdimat Köln şəhərinin Azərbaycan bazarında daha yaxından tanıdılması və iki ölkə arasında turizm əməkdaşlığının genişlənməsinə xidmət edir. Tədbir həmçinin Azərbaycan turizm şirkətlərinə Almaniya ilə qarşılıqlı əməkdaşlıq və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli platforma olub.




