Azərbaycan turizm sektorunda dempinq təhlükəsi: Qiymət savaşı keyfiyyəti riskə atır

Son aylar Azərbaycanda fəaliyyət göstərən bir sıra turizm şirkətləri arasında müşahidə olunan qiymət rəqabəti sektorda ciddi narahatlığa səbəb olub. İqtisadi cəhətdən “dempinq” adlandırılan bu strategiya – yəni xidmətlərin real dəyərindən aşağı qiymətə təklif olunması – qısa müddətdə müştəri cəlb etmək məqsədi daşısa da, uzunmüddətli perspektivdə həm şirkətlərə, həm də ümumilikdə turizm sektoruna zərər vurur.

Turizm sahəsində çalışanların Turizmplus.az saytına bildirdiyinə görə, bəzi şirkətlər beynəlxalq turları maya dəyərindən aşağı qiymətlərlə təklif edərək bazarda qeyri-sağlam rəqabət yaradır. Nəticədə xidmətin keyfiyyəti aşağı düşür, turistlərin məmnuniyyəti azalır və ölkənin turizm imici risk altına düşür.
89 şirkət Trippost.az – Milli Səyahət Platformasında qeydiyyatdan keçib
Əldə edilən məlumatlara görə, dempinqə yol verən şirkətlər arasında təcrübəsiz və qeyri-peşəkar xidmət təklif edən qurumlar üstünlük təşkil edir.
Turizmplus.az olaraq apardığımız araşdırmalar zamanı bəzi turistlərin sosial şəbəkələrdə xidmət keyfiyyətindən narazılıqlarını ifadə etdikləri, xüsusən də ucuz qiymətə satılan turlar zamanı yaşanan nəqliyyat, qidalanma və bələdçi xidmətlərində problemlərlə üzləşdikləri müşahidə olunub.
Mütəxəssislər hesab edir ki, turizm sahəsində davamlı inkişaf üçün qiymət siyasəti xidmət keyfiyyəti ilə balanslaşdırılmalı, qısa müddətli qazanc uğruna uzunmüddətli etibar itirilməməlidir. Eyni zamanda dövlət qurumları və peşəkar birliklər tərəfindən monitorinqlər aparılmalı və etik kodekslərə riayət olunmasına nəzarət gücləndirilməlidir.
Turizmplus.az olaraq məsələni izləməyə davam edəcəyik və bu sahədə aparılan tədbirlər barədə oxucularımıza məlumat verəcəyik.