ATAA üzvləri üçün “Qarabağ regionu–Xankəndi Hotelləri” tanışlıq səfəri təşkil edilib – REPORTAJ
Azərbaycan Turizm Bürosu (ATB), Xankəndi Hotellər Kompleksi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) və Azərbaycan Dəmir Yollarının (ADY) birgə təşkilatçılığı ilə 6–7 dekabr tarixlərində keçirilən “Qarabağ regionu–Xankəndi Hotelləri” tanıtım səfəri başa çatıb.
Turizmplus.az xəbər verir ki, səfərdə ölkənin müxtəlif bölgələrini təmsil edən 50-yə yaxın yerli turizm şirkətinin nümayəndəsi iştirak edib. İnfo-turun əsas məqsədi işğaldan azad edilmiş ərazilərin turizm potensialını yerində qiymətləndirmək, mövcud infrastrukturla tanış olmaq və Qarabağ regionunun turizm məhsulu kimi daha effektiv təşviqinə dəstək vermək olub.
Nümayəndələr səfərə Bakıdan Ağdama ADY-nin yeni istifadəyə verilmiş qatarı ilə yola düşüb və Ağdamın yeni dəmir yolu stansiyasına ilk ziyarət edən turizm qruplarından biri olublar. Bu, həm bölgənin nəqliyyat-logistika imkanlarının genişlənməsini, həm də Qarabağa dəmir yolu ilə turizm axınının gələcəkdə artacağına dair real perspektivləri nümayiş etdirib.
Səfər çərçivəsində iştirakçılar Xankəndidə Palace Hotel, Qarabağ Hotel, Xankəndi Biznes Mərkəzi, Xankəndi Konqres Mərkəzi, Bulud Hotel, şəhər mərkəzi (meydan və əsas küçələr), Qarabağ İncəsənət Mərkəzi, Mədəniyyət və istirahət parkı, yerli suvenir və sənətkarlıq guşələri ilə tanış olublar.
Şuşa şəhərinə təşkil olunan tur zamanı isə nümayəndələr Qala divarı – Gəncə qapısı, Tut bağı və Üzeyir Hacıbəylinin heykəli, Xanqızı bulağı, Xanqızı Natəvanın imarəti və yaxınlıqdakı tarixi mülklər, Mərkəzi meydan və güllələnmiş büstlər, Şirin su hamamı, Aşağı Gövhər Ağa məscidi, Mehmandarovların yaşayış kompleksi və “XIX əsr Qarabağ zadəganının evi” sərgisi və İsa bulağını ziyarət ediblər.
Səfər turizm sahəsi nümayəndələrinə Qarabağın yeni turizm marşrutlarını yerində qiymətləndirmək və region üzrə potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirmək imkanı yaradıb.

