USD 1.7
28 °C

Artan qiymətlər yerli turistlərin Türkiyəyə səfərlərinə təsir göstərir? – TURİZMÇİLƏR DANIŞIR

İyul 7, 2025 16:14 / 127
Artan qiymətlər yerli turistlərin Türkiyəyə səfərlərinə təsir göstərir? – TURİZMÇİLƏR DANIŞIR
A-
A
A+

Son illərdə bölgədə ən çox səfər edilən ölkələrdən biri olan Türkiyədə turizm sahəsindəki qiymət artımı həm yerli, həm də xarici turistlərin seçimlərinə təsir göstərməyə başlayıb. Artan otel, xidmət və nəqliyyat xərcləri bir çox turisti daha münasib alternativlər axtarmağa vadar edir.

cbx-add

Turizmplus.az olaraq bu mövzu ətrafında bir neçə tanınmış turizm mütəxəssisi ilə danışdıq və həm qiymət artımının səbəblərini, həm də bunun nəticəsində yaranan istiqamət dəyişikliyini müzakirə etdik. Müsahibələrdə səslənən fikirlər, mövsümə dair proqnozlar və gələcək gözləntilərlə sizi də tanış edirik.

“YES Travel” şirkətinin rəhbəri Üzeyir Bağırlı:

Bəli, Türkiyədəki qiymət artımları azərbaycanlı turistlərin bu istiqamətə marağını bir qədər azaldıb. Passiv istirahəti seçənlər üçün, isti havaya baxmayaraq, Abu Dabi və Krit adası populyar seçimlərə çevrilir — çünki hər iki istiqamətdə “all inclusive” sistem mövcuddur və qiymətlər nisbətən stabildir. Alternativ olaraq həmçinin Monteneqro, Gürcüstan, Dubay və Avropa ölkələri seçilir.

“Baku Life Travel” şirkətinin direktoru Məltəm Qədimli:

Bəli, son dövrlərdə Türkiyədəki qiymət artımları azərbaycanlı turistlərin də bu istiqamətə marağında müəyyən azalmaya səbəb olub. Xüsusilə otel və xidmət sektorundakı bahalaşma bəzi turistləri alternativ istiqamətlər axtarmağa vadar edir.

Türkiyə istiqamətindən imtina edən azərbaycanlı turistlər daha çox Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri (xüsusilə Dubay), Monteneqro, Albaniya və Misir kimi daha münasib büdcəli və viza rejimi sadə olan ölkələri seçirlər. Həmçinin yerli turizm — Azərbaycanın bölgələrinə səfər — də son zamanlar daha çox aktuallaşıb.

Bununla belə, Türkiyə hələ də azərbaycanlı turistlər üçün populyar istiqamət olaraq qalır, sadəcə əvvəlki illərlə müqayisədə seçim zamanı qiymətə daha həssas yanaşırlar.

“Baku Holiday Travel” şirkətinin nümayəndəsi Nurlan Səfərli:

Bəli, son zamanlar Türkiyədə baş verən qiymət artımları azərbaycanlı turistlərin bu istiqamətə marağında azalmaya səbəb olub. Təkcə turizm xidmətlərində deyil, həm də səfər zamanı qidalanma, alış-veriş və digər xidmətlərin qiymətindəki artım bir çox turistin alternativ istiqamətlərə üz tutmasına və ya daha münasib qiymətə, lakin xidmət səviyyəsi daha aşağı olan otelləri seçməsinə gətirib çıxarır.

Alternativ istiqamətlərə üstünlük verən turistlərin əksəriyyəti Monteneqro, Misir kimi daha münasib qiymət təklif edən ölkələri seçirlər. Eyni zamanda İtaliya, Yunanıstan və İspaniya kimi bir neçə şəhərli Avropa ölkələrinə də maraq artmaqdadır.

Oxşar xəbərlər