Türkiyənin turizm mərkəzlərindən biri olan Antalyada dincələn rusiyalı turist – 41 yaşlı Natalia Kisileva artıq dörd gündür itkin düşüb.
Turizmplus.az xəbər verir ki, Sankt-Peterburqdan istirahətə gələn qadın oğlunu Royal Atlantis Spa & Resort otelində tək qoyaraq otaqdan çıxıb və bir daha geri qayıtmayıb. Hadisə ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları və Rusiyanın Antalyadakı Baş Konsulluğu birgə axtarış tədbirlərini davam etdirir.
Axtarışlar və konsulluğun reaksiyası
Antalya polis idarəsi Kisilevanın yoxa çıxması ilə bağlı genişmiqyaslı araşdırma başladıb. Rusiyanın Baş Konsulluğu hadisəni yaxından izlədiyini, qadının ailəsi ilə Türk rəsmiləri arasında koordinasiyanın təmin edildiyini açıqlayıb. Konsulluq nümayəndələri bildirib ki, qadının azyaşlı oğlu təhlükəsiz şəkildə və xüsusi müşayiətçi ilə Sankt-Peterburqa göndərilib. Uşaq Pulkovo hava limanında yaxın qohumları tərəfindən qarşılanıb.
Hadisənin baş verdiyi gün
Telegram kanallarında yayılan məlumatlara görə, Natalia Kisileva 26 oktyabrda Antalyaya gələrək Royal Atlantis Spa & Resort otelində yerləşib. 31 oktyabr axşamı o, oğluna otaqda qalmağı tapşırıb, 5 dollar götürərək “siqaret almağa gedirəm” deyib. Lakin aparılan araşdırmalar nəticəsində Kisilevanın mağazaya getmədiyi, bir gün əvvəl tanış olduğu rusiyalı Roman İvançenko ilə dənizə getdiyi məlum olub.
İvançenko polisə ifadəsində bildirib ki, onlar birlikdə üzməyə gediblər, daha sonra o, voleybol oynamaq üçün sahildən uzaqlaşıb və geri qayıdanda Kisilevanı tapa bilməyib. O, qadının əşyalarını öz otağına aparıb, daha sonra gecə yarısı otel resepsiyasına təhvil verib.
Sonuncu dəfə Kisileva saat 19:00 radələrində otelin sahilində şezlongda yatarkən təmizlikçi tərəfindən görülüb. Otel işçiləri onun suda boğulmuş ola biləcəyi ehtimalını istisna etmirlər. 3 noyabr tarixində dənizdə axtarışlar aparılsa da, hələlik nəticə əldə edilməyib.
Oxşar hadisə
Qeyd edək ki, bu, son bir ildə Antalyada baş verən ilk hadisə deyil. 2024-cü ilin yanvarında Kemer bölgəsində istirahət edən digər rusiyalı qadın Nadejda Yarıgina da itkin düşmüş, onun meyiti daha sonra dağlıq ərazidə tapılmışdı.

