ABŞ-a səyahət: Viza, qiymətlər, səfər planı – EKSPERT AÇIQLAYIR

Noyabr 28, 2025 12:47 / 403
ABŞ-a səyahət: Viza, qiymətlər, səfər planı – EKSPERT AÇIQLAYIR
A-
A
A+

Azərbaycanlı turistlərin Amerikaya olan marağı son illərdə nəzərəçarpacaq dərəcədə artıb. ABŞ-ın həm şəhər mədəniyyəti, həm təbiəti, həm də sadəcə dünya kino və musiqi sənayesinin yaratdığı təsəvvürlər insanlarda bu ölkəyə dair xüsusi həyəcan formalaşdırır. Bəs nə üçün Amerika bizim turistlər üçün bu qədər cəlbedicidir? Viza prosedurlarında nələr nəzərə alınmalıdır? İlk dəfə ABŞ-a səyahət edənlər üçün hansı marşrut daha doğrudur və qrup turlarına maraq niyə yüksəlib?

cbx-add

Turizmplus.az olaraq bütün bu suallara “Fahri Travel”ın direktoru Fəxri Məmmədli ilə söhbətimizdə aydınlıq gətirdik.

Amerika azərbaycanlı turistlər üçün niyə bu qədər xüsusi görünür?

Açığı, Amerikanı azərbaycanlı turistlər üçün xüsusi edən çox şey var. Bu ölkə bizim öyrəşdiyimiz məkanlardan tamamilə fərqlənir — həm təbiəti, həm şəhərləri, həm də sadəcə göyə baxanda gördüyün buludların və rənglərin özü başqa bir aləmdir.
Bir çoxları üçün ABŞ-a getmək sadəcə səyahət deyil, bir arzunun gerçəkləşməsidir. İlk dəfə gedən turistlər adətən Nyu-Yorku görmək, Azadlıq heykəli ilə qarşılaşmaq istəyirlər — çünki bu, artıq qlobal bir simvoldur.

Eyni zamanda insanlar Ağ Ev, Kapitoli, Hollywood, Las Veqasın gecə həyatı kimi məşhur məkanları görmək istəyirlər. Bəziləri üçün isə uşaqlıqdan filmlərdə və oyunlarda gördükləri San-Fransisko, Golden Gate körpüsü kimi yerləri canlı görmək böyük hisslər yaradır.
Və əlbəttə, alış-veriş… ABŞ-dakı outletlər həm keyfiyyət, həm də qiymət baxımından bizim turistlər üçün ayrıca cazibə yaradır.
Qısacası, Amerika təbiəti, şəhərləri, mədəniyyəti və şoppinq imkanları ilə tamamilə unikaldır.

ABŞ vizası ilə bağlı ən çox hansı məqamlar önə çıxır?

Bizə müraciət edən turistlər arasında ən çox müşahidə etdiyimiz məqam odur ki, viza inspektorunun əsas düşündüyü sual sadədir: “Bu şəxs Amerikaya gedib geri qayıdacaqmı?” Burada insanın öz ölkəsinə bağlılığını göstərən bir neçə vacib göstərici var.

Ən birincisi — stabil, yaxşı maaşlı iş. Bu, şəxsin Azərbaycanda sabit həyat və öhdəliklərinin olduğunu sübut edir.
İkincisi — ailə bağları. Məsələn, ər-arvad birlikdə gedir, amma kiçik övlad Bakıda qalırsa, bu artıq güclü zəmanət sayılır.
Üçüncü mühüm faktor isə turist tarixidir. Heç vaxt ölkə xaricinə çıxmamış birinin birbaşa ABŞ-a müraciət etməsi çox vaxt inandırıcı görünmür. Bu halda inspektor təbii şəkildə sual edir:
“İki saatlıq məsafədə olan Türkiyəyə belə getməmisinizsə, niyə birbaşa Amerikaya getmək istəyirsiniz?”
Bu səbəbdən biz turistlərə tövsiyə edirik ki, ABŞ vizasından əvvəl ən azı bir neçə yaxın ölkəyə səfərlər etsinlər: Türkiyə, Gürcüstan, BƏƏ, Avropa ölkələri və s.

Sizin təşkil etdiyiniz ABŞ turlarına maraq nə dərəcədədir?

Mən Amerikaya tez-tez səfər edirəm — böyük turizm sərgilərinə qatılıram və demək olar ki, turistlər üçün maraqlı olan çox ştatda olmuşam. Bu ölkənin şəhərlərini öz beş barmağım kimi tanıyıram.
Keçən il ilk dəfə kiçik qrup turu təşkil etdik. Turistlərə Şərq Sahili — Boston, Nyu-York, Vaşinqton və Mayamini göstərdik. Məncə, Amerikaya ilk dəfə gedən biri üçün ən ideal başlanğıc məhz budur.

Bu səfər göstərdi ki, insanlar sadəcə şəhərləri gəzmək istəmirlər — onlar Amerikanın həyat tərzini hiss etmək, oradakı enerjini yaşamaq istəyirlər.

Təşkil etdiyiniz son turun qiyməti və proqramı necə idi?

Son dəfə təşkil etdiyimiz proqram 10 gün davam edirdi və paket qiyməti bir nəfər üçün 3900 dollar idi. Bu məbləğə bütün aviabiletləri, şəhərlərarası qatar biletləri və mərkəzi yerləşən rahat otellər daxil idi.
Amma turun ən dəyərli tərəfi mənim qrup lideri kimi şəxsi iştirakım idi. Çünki Amerikada illərlə gəzib gördüyüm ən gözəl məkanları turistlərimə şəxsən göstərmək istəyirdim. Mən nəyi özüm görüb heyran olmuşamsa, onların da eyni hissləri yaşamasını arzuladım.
Bu tur sadəcə səyahət deyildi — Amerikaya ilk dəfə gedənlər üçün unudulmaz bir təcrübə oldu.

Oxşar xəbərlər