Göygöl rayonunda V Milli Yaylaq Festivalı təşkil olunacaq.
Turizmplus.az xəbər verir ki, festival 24–26 iyul 2026-cı il tarixlərində Xan Yaylağında yerləşən “Xan Yurdu” Etnoqəsəbəsində baş tutacaq.
Üç gün davam edəcək festival çərçivəsində ziyarətçilər milli ənənələri əks etdirən müxtəlif tədbirlər, o cümlədən oxatma, atçılıq nümayişləri, milli güləş yarışları, folklor proqramları və digər mədəni tədbirləri izləmək imkanı əldə edəcəklər.
Təşkilatçılar bildiriblər ki, festivalda iştirak tamamilə ödənişsizdir. Bütün ziyarətçilər tədbirə sərbəst şəkildə qatıla və proqramlardan pulsuz yararlana biləcəklər.
Qeyd edək ki, Milli Yaylaq Festivalı Azərbaycanın yaylaq mədəniyyətinin, milli adət-ənənələrinin və etnoqrafik irsinin tanıdılması məqsədilə hər il keçirilən ənənəvi tədbirlərdən biridir.

