Oktyabrın 29-da Lerik rayonunda unikal və ekoloji yönümlü bir tədbir — “Lerik Eko Festivalı” keçiriləcək. Festival “Cənub” turizm istirahət mərkəzinin ərazisində baş tutacaq və saat 12:00-dan 16:00-a qədər davam edəcək.
Turizmplus.az xəbər verir ki, bu tədbir təkcə təbiət sərvətlərinin nümayişi deyil, eyni zamanda Lerikin ekoturizm potensialını, cənub bölgəsinə xas qonaqpərvərliyi, qədim mədəniyyəti və zəngin adət-ənənələri tanıtmaq məqsədi daşıyır.
Festivalda yerli istehsalçılar, otel və restoran nümayəndələri, fermerlər, sənətkarlar, gənclər, idmançılar, kənd sakinləri və mədəniyyət xadimləri iştirak edəcəklər. Ziyarətçilər həm yerli istehsal məhsulları ilə tanış ola, həm də bölgənin turizm potensialını əyani şəkildə görə biləcəklər.
Tədbirin əsas məqsədləri:
- Lerik rayonunun ekoturizm potensialını geniş auditoriyaya tanıtmaq;
- Yerli istehsalçıların və sənətkarların məhsullarını təqdim etmək;
- Gəncləri və turizm sektorunu dayanıqlı istehsal prinsiplərinə cəlb etmək;
- Turizmdə mövsümülüyü aradan qaldırmaq;
- Regionların sosial-iqtisadi və ekoloji dayanıqlı inkişafına töhfə vermək.
Festival proqramı:
12:00–12:10 — Açılış mərasimi (aparıcı tərəfindən)
12:10–13:30 — Sərgilərlə tanışlıq, interaktiv təqdimatlar, yerli istehsal nümunələrinin nümayişi
13:00–16:00 — Mədəni proqram: “Dərviş Band” qrupunun canlı çıxışı, milli rəqslər, DJ Seem, folklor kollektivlərinin çıxışları
“Lerik Eko Festivalı” həm yerli əhalinin, həm də ölkənin müxtəlif bölgələrindən gələn qonaqların iştirakı ilə keçiriləcək. Tədbir Lerikin ekoturizm imkanlarını tanıtmaqla yanaşı, regionun sosial həyatına da yeni bir dinamika gətirməyi hədəfləyir.
Festival çərçivəsində qonaqlar təbiət qoynunda istirahət edəcək, yerli mətbəxin dadlı təamlarını dada, ekoloji məhsullar alışı edə və müxtəlif sənət ustalarının əl işləri ilə tanış ola biləcəklər.
Bu festival cənub bölgəsində ekoturizmin inkişafına yeni nəfəs gətirəcək mühüm regional tədbirlərdən biri kimi qiymətləndirilir.

