Azərbaycanlıların ən çox seçilən səyahət destinasiyası yenə də Türkiyə olacaq — AYNUR ƏLLƏZOVA

WhatsApp Image 2023 02 24 at 14.15.07

Bu il fevralın 6-dan başlayaraq Türkiyənin cənub-şərqində qeydə alınan zəlzələlər və zəlzələnin törətdiyi fəsadlar hər birimizi dərindən kədərləndirdi. Deyilənə görə bu fəlakət 1939-cu ildən sonra Türkiyədə qeydə alınan ən güclü zəlzələ oldu.

Türkiyə turizm ölkəsidir və hazırda bir çox ölkələrdən, həmçinin Azərbaycandan gələn turistləri çox narahat edən bir suala fikir bildirmək istəyirəm: zəlzələ Türkiyənin cənubunda yerləşən Antalya, Alanya, İzmir kimi sevilən səyahət nöqtələrində də baş verəcəkmi? Turizm mütəxəssisləri olaraq bu mövzu ətrafında bir çox mənbələri və seysmoloqların proqnozlarını araşdırırıq. Əlbəttə ki, günümüzdə təbii fəlakətlər dəqiq tarixi ilə təxmin edilə bilmir. Bəlkə də elmin inkişafı gələcəkdə elə bir nöqtəyə gələcək ki, zəlzələlərin vaxtını dəqiq proqnozlaşdırmaq mümkün olacaq, amma bugün üçün reallıq budur: hətta 2-3 gündən sonrakı tarixlər üçün hava proqnozunu belə dəqiq təyin edə bilmirik. Bu reallığı nəzərə alaraq mövzuya fikir bildirmək çətindir, amma seysmoloqların ümumi fikrini nəzərə alsaq Türkiyənin əsas tətil nöqtələrində yaxın tarixlərdə zəlzələ proqnozlaşdırılmır. Əks halda Türkiyə hökuməti zəlzələdən əziyyət çəkən əhalinin bir qismini Antalya otellərində yerləşdirməzdi.

Fikrimcə, Türkiyənin turizm potensialı o qədər güclüdür ki, nə 2016-cı ildə Ankara, İstanbul, Malatya və Muğlada baş vermiş dövlət çevirlişinə cəhd, nə də insanlara evdən çıxmaq qorxusu yükləyən pandemiya Türkiyə turizminə, demək olar, mənfi təsir edə bilmədi. Düşünürəm ki, may ayına qədər Türkiyə yaranmış vəziyyəti stabilləşdirə biləcək və ölkənin cənub şərqində baş vermis zəlzələ Türkiyənin əsas tətil bölgələrindəki xidmət səviyyəsinə təsir etməyəcək. Bundan əlavə zəlzələnin mərkəzi sayılan Qaziantep Alanyadan 626 km, Antalyadan 823 km, İzmirdən isə 1100 km uzaqlıqda yerləşir, bu da tətil bölgələrində zəlzələ baş verəcəyi riskini azaldır.

Bəli, zəlzələ Azərbaycanda tur satışlarının sayının azalmasına səbəb oldu. Amma ümumi statistikaya nəzər salsaq, turların satışı ancaq Türkiyə deyil, bütün turizm istiqamətləri üzrə azalıb. Tur satışlarının azalmasını təkcə Türkiyədə baş verən zəlzələ nəticəsində yaranan qorxu ilə bağlamaq düzgün olmaz. Zəlzələdən əvvəl səyahət planlaşdıran turistlərimizdən planlarını ləğv etməklərinin səbəbini soruşduqda aldığımız cavab birdir: “ürəyimiz yanır, necə səyahət planlaşdıraq?” Türkiyə ilə ruh bağlılığımızı önə çəkərək bu vəziyyətdə insanların başqa cür reaksiya verməsi mümkün deyil. Xalqımızın əhvalı səyahət planlamağa imkan vermir, qəlblərimiz Türkiyə ilə birlikdə parçalanır.

Hazırda şirkətimizə daxil olan yeni tur sifarişlərinin sayı azalsa da, zəlzələdən öncə edilmiş olan erkərezervasiyalara ləğv sorğuları daxil olmur. Əvvəlki illərdə də Türkiyə istiqamətinə olan erkən rezervasiya mövsümünə yanvar ayında start verilsə də, yay rezervasiyaları may ayından etibarən artmağa başlayır. İnanıram ki, Azərbaycandan Türkiyəyə gedən turist sayı bu il keçən ilkindən daha çox olacaq. Zəlzələnin mənəvi təsiri zəifləməyə başladıqdan sonra Azərbaycan xalqının ən çox seçilən səyahət destinasiyası yenə də Türkiyə olacaq.

İstər gözəl gündə, istər fəlakət zamanı Azərbycan xalqı həmişə Türkiyənin yanındadır.

AYNUR ƏLLƏZOVA

Menecerlər