Yeni model təyyarələrlə tanışlıq, səmərəli görüşlər, müqavilələr... - Dubai Air Show 2019

 

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri Dubayda dünyanın ən nüfuzlu və əlamətdar aviakosmik tədbirlərindən biri olan illik “Dubai Air Show 2019” aviasalonu və sərgisi keçirilir. Sərgidə aviasiyanın müxtəlif sahələrindən olan şirkətlərin təmsil etdiyi 60-dan çox ölkə iştirak edir.

Turizmplus.az xəbər verir ki, sərgidə “Azərbaycan Hava Yolları”nın vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Azərbaycan nümayəndə heyəti “Boeing” şirkətinin rəhbərliyi ilə uzaq magistrallı “Boeing 787 Dreamliner” təyyarələrinin təchizatı ilə bağlı görüşüb. Bu tipli iki təyyarə Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən artıq istifadə olunmaqdadır.

Sərgi çərçivəsində Eldar Hacıyev “Airbus” konsernin kommersiya direktoru Kristian Şerer (Christian Scherer) ilə görüşüb. Danışıqların əsas mövzusu “Airbus A320Neo” və “Airbus А220” kimi yeni nəsil təyyarələrin texniki və kommersiya xüsusiyyətləri ilə tanışlıq olub. Avropanın aparıcı təyyarə konserninin bu təyyarələri özlərini doğrultmuş və öncəki nəsil təyyarələrin təkmilləşdirilmiş versiyasıdır. “Airbus” şirkəti artıq bu təyyarənin təchizatı ilə bağlı dünyanın müxtəlif aviaşirkətlərindən çoxlu sayda sifariş alıb.