"Türkiyə otelləri xarici arenada yalnız avro ilə müqavilə imzalaya bilər" - ELSEVƏR ABBASOV

 

Turizmplus.az saytının "Kokteyl" rubrikasının növbəti qonağı 2005-ci ildə Antalya şəhərində yaradılan "Nice Port" turizm şirkətinin təsisçisi və rəhbəri Elsevər Abbasov oldu. Onunla Antalya turizmində baş verən yeniliklər, keçən illərlə müqayisədə qiymətlər və s. mövzular haqqında danışdıq.

- Bu mövsüm, ümumiyyətlə bu il bizi Antalyada hansı yeniliklər gözləyir?

2016 krizis ilindən sonra 2017 nisbətən düzəldi, 2018 isə Türkiyə turizmi üçün yaxşı keçdi. Bu il isə daha yaxşı olacağı gözlənilir. Buna görə də otellərin qiymətlərində nisbətən artım var. Həm də yeni qaydaya əsasən yerli otellər və şirkətlər beynəlxalq müqavilələri yalnız AVRO ilə edə bilərlər. Bu keçid müddətində də otellərdə 15%-a qədər artım müşahidə olundu. Həm də dollardan avroya keçid 1/1 nisbətiylə oldu. Yəni 100 dollar qiyməti olan xidmət indi 100 avro kimi dəyərləndilir. 

Gələn illərdə isə bri çox yeni otellərin açılışı gözlənilir. Onu qeyd edim ki, Antalyanın 15 milyon yataq tutumu var ancaq artıq yetmir. Açılacaq yeni otellər hamısı üst səviyyədə olacaq. Dövlət tərəfindən də Antalya üçün böyük güzəştlər olunub.

- Otellərin qiymət artımı turlara və ekskursiyalara da təsir etdimi? 

Otellərin qiymət artımı elə turların qiymətinin artması da deməkdir. Lakin bu ekskursiyalara aid deyil. Çünki onların qiymətləri dəyişməyib. Ancaq qeyd etməliyəm ki, azərbaycanlılar çoxda ekskursiyalara getməyi sevmirlər, bu xidmətdən daha çox ruslar, ukraynalılar və qazaxlar istifadə edirlər.

- Keçən ilə nisbətdə turistlərdin sayında azalma yoxsa artım qeydə alınıb?

Artım. Məsələn, keçən il erkən rezervasiya yanvar ayında başlayırdısa bu il artıq noyabr ayında başlayıb. Eyni zamanda müraciət edənlərin sayı da artıb. 

- Antalyaya daha çox hansı ölkələrdən turistlər gəlir?

Biz daha çox keçmiş Sovet ölkələri ilə işləyirik. Ona görə birinci növbədə Rusiya gəlir. Əgər ilk üçlük desək Qazaxıstan və mənim şirkətim üçün Azərbaycan üçüncü yerdə gəlir. Əvvəllər Ukraynadan daha çox gəlirdi ancaq məlum hadisələrdən sonra iqtisadiyyatları zəifləyib. Qeyd edim ki, son illərə baxanda bu il Azərbaycandan da gələn turistlərin sayında artım müşahidə olunur. Bu il Azərbaycandan daha çox turist gözləyirik. Keçən illərdə devalivasiya gələn turistlərin sayına böyük təsir göstərmişdi. İndi artıq iqtisadiyyat oturuşub və gözləyirik ki, azərbaycanlı turistlər 2015-ci ildəkindən də çox gələcəklər. Əslində, şirkətlərin çoxu vətəndaş sayı çox olan ölkələrdən daha çox müştəri cəlb etməyə çalışır. Çünki nisbətən kiçik ölkələrdə hansısa problemlər və ya krizis yaşananda turistlərin sayında kəskin azalma olur. 

- Türkiyədə "All İnclusive" sisteminin ləğvi tez-tez müzakirə olunur. Siz bu haqda nə düşünürsünüz?

Fikrimcə, bu sistem Türkiyədə hələ uzun illər fəaliyyət göstərəcək. Çünki dünyada bu sistemi düzgün istifadə edə bilən ölkə Türkiyədir. Yunanıstanda və İspaniyada bu sistemi qurmağa cəhd etdilən lakin bacara bilmədilər. Türklər bu işi Türkiyəyə gələn tərzdə deyil, dəyişərək 3 qat daha yaxşı sistem yaratdılar. Məhz Türkiyəyə gələn turistlərin çoxu bu sistemin rahatlığı üçün gəlir.

- Azərbaycanda da yay turizmi üçün kurort zonaların sayı kifayət qədərdir. Sizin fikrinizcə onların inkişafı üçün hansı addımları atmaq lazımdır?

Öncə turizm sektorunda olan insanların zehni dəyişilməlidir və xidmət göstəriciləri artırılmalıdır. Əslində Azərbaycan xalqı restoran və digər xidmətləri yaxşı bilir. Ancaq sistemin oturması üçün biraz zamana ehtiyac var. Eyni zamanda da tanıtım işləri daha çox aparılmalıdır. Sərgilərdə böyük və möhtəşəm stendlərlə daim çıxış etmək lazımdır. Otellərə və turist gətirən turizm şirkətlərinə vergilərdə güzəştlər olunmalıdır. 

Məsələn Türkiyədə ƏDV 18%-dən 8%-ə endirildi. Bundan başqa TÜRSAB xarici sərgilərə qatılan, stendləri olan şirkətlərə və ya otellərə çəkdikləri xərci bir neçə ay ərzində geri qaytarır. Bax bu tərz addımlarla inkişaf etmək mümkündür. Mən çox istərdim ki, bu il Azərbaycan şirkətləri bol qazanc əldə etsinlər. Son olaraq isə xalqıma xoş istirahətlər, turizm sektorunda olanlara isə uğurlu sezon arzulayıram. 

Paylaş

Əvvəlkİ

Latviya portalında Azərbaycanın turistik yeri

Sonrakı

İspaniyanın ən yaxşı turizm məkanları

Подписывайся

Подписывайся на нашу рассылку