«Skal Baku» 2020-ci il prioritetlərini açıqladı - FOTOREPORTAJ

 

«Avenue» otelində «Skal İnternational» turizm peşəkarları təşkilatının Bakı klubunun hesabat xarakterli illik toplantısı keçirilib.

Turizmplus.az xəbər verir ki, 24-cü dəfə toplanan Azərbaycan skalçıları klubun bir illik fəaliyyətinə nəzər salıblar, eyni zamanda növbəti ildə həyata keçirəcəkləri layihələr barədə toplantı iştirakçılarına məlumat veriblər.

Tədbiri giriş nitqi ilə açıq elan edən «Skal Baku»nun dönəm sədri Ceyhun Aşurov bildirib ki, 1934-cü ildə yaradılan «Skal İnternational» turizm peşəkarları təşkilatı dünyada ən uzunömürlü qurumlardan biri hesab olunur. Onun sözlərinə görə, hazırda təşkilatın 80 ölkədə 315 klubu və 15 mindən çox üzvü var. «Skal İnternational» turizmin bütün istiqamətlərini özündə birləşdirir. Qurum sədri qeyd edib ki, 2009-cu ildə yaradılan «Skal Baku» klubu MDB-də yaradılan ilk və yeganə klubdur və özündə 50-yə yaxın peşəkar turizmçini birləşdirir. Fəaliyyəti Azərbaycan turizminin inkişafına və təbliğinə həsr edilmiş klub il ərzində bu istiqamətdə bir çox işlər görüb. Klub üzvləri beynəlxalq tədbirlərdə iştirak edərək ölkəni layiqincə təmsil ediblər. Bunun nəticəsidir ki, Azərbaycan Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev Beynəlxalq Sağlıq Turizmi Təşkilatına ötən il ərzində rəhbərlik edib, bu nüfuzlu qurumun növbəti toplantısı 2018-ci ilin aprelində Bakıda baş tutub.