"Payız sessiyasında gündəlikdəki ən mühüm məsələlərdən biri “Turizm haqqında” qanundur" - KOMİTƏ SƏDRİ

 

Azərbaycanda 2015-ci ildən ötən dövr ərzində “Turizm haqqında” qanunun qəbulunun gecikməsinin səbəbləri açıqlanıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli APA-ya açıqlamasında deyib ki, əsas məsələ turizm fəaliyyəti ilə məşğul olan qurumların sərbəstliyinin, bürokratik əngəllərdən qorunmasının, hər şey üçün lisenziya alınmasının qarşısının alınmasının təmin edilməsi olub.

H. Rəcəbli bildirib ki, həm də bir az yığcam, boşluqların olmadığı, konkret və əhatəli bir qanun layihəsi hazırlamaq lazım idi: “İllərdir ki, bu qanun layihəsi üzərində işləyirik. Bir sıra qurumlar da bu qanun layihəsi üzərində işlədi, hətta bəzi beynəlxalq təşkilat fəallıq göstərdi. Hesab edirəm ki, bu il nəhayət, “Turizm haqqında” qanun ərsəyə gələcək. Payız sessiyasında da gündəlikdəki ən mühüm məsələlərdən biri bu qanundur və bu sessiyada qanunun qəbulu gözlənilir. Turizm fəaliyyəti ilə məşğul olan qurumların sərbəstliyinin, bürokratik əngəllərdən qorunmasının, hər şey üçün lisenziya alınmasının qarşısının alınmasının təmin olunmasına gəlincə, məsələn, evlərdə turizm məsələsi var. Əvvəllər belə idi ki, turizm binaları üçün lisenziya almaq lazım idi. Artıq insanlar evindən turizm məqsədləri üçün istifadə edə bilər, ancaq bunun üçün müəyyən tələblərə riayət edilməlidir”.

Komitə sədri onu da qeyd edib ki, turizm həm də Azərbaycanda əmək tutumlu iş yerləri içərisində başlıca yerlərdən birini tutur: “Turizm Azərbaycanda yüksək templə inkişaf edir. Təkcə bir rəqəmi demək kifayətdir ki, gələn il Azərbaycana Çindən 200 min turistin gəlməsi gözlənilir. Bu da böyük rəqəmdir və buna da hazırlıq görülməlidir. Yəni, hüquqi baza möhkəm olmalı və yerlərdə icra strukturları yaxşı hazırlıq görməlidirlər”.

Paylaş

Əvvəlkİ

Анталийский рекорд — 10 миллионов туристов за 8 месяцев

Sonrakı

Sportkarlar, kartinq və drift avtomobilləri Gəncəyə gəlir - YARIŞ + ŞOU

Abunə olun

Xəbərlərimizə abunə olun