Növbəti saxtakar şirkət, küçədə qalan ailə... - DƏHŞƏTLİ FAKTLAR

 

Turizmplus.az müştərilərə qarşı saxtakarlıq edən növbəti şirkət - "HMH Baku Travel" turizm agentliyi barədə faktları araşdırıb.

Zərərçəkən Atakişiyevlər ailəsi

Məlum olub ki, Nigar Atakişiyeva adlı müştəri 18 iyulda adıçəkilən turizm agentliyindən 3200 AZN dəyərində olan Antalya turpaketi alıb. Menecer 11 gün müştəriləri aldadandan sonra iyulun 29-da onlara saxta "voucher" və aviabiletləri təqdim edib. Ancaq ailə səyahətə getməli olan günün səhəri menecer Nərminə xanım onlara zəng edərək turun ləğv olunduğunu bilidirib və bunu ofisdaxili problemlərlə əlaqələndirib. Müştərinin təkidlərindən sonra o, insanlara məsələlərin həll olunduğunu çatdırıb. Beləcə, məsələdən xəbərsiz olan Atakişiyevlər ailəsi iki uşaqla (4 və 5 yaşlı) birlikdə Antalyaya gəlib və küçədə qalmalı olub. Onlar "Yakut travel" şirkəti ilə əlaqə saxlayandan sonra pulun ödənilmədiyini, rezervasiyanın ləğv olunduğunu başa düşüblər. Bunları Turizmplus.az saytına Nigar Atakişiyeva danışıb.

No show olan OTEL

Otel rezervasiyanın ləğvi ilə bağlı Türkiyədə yerləşən "Yakut travel" ilə əlaqə saxladıq. Şirkətin nümayəndəsi Aykut Doğan 1 ilə yaxındır ki, "HMH Baku Travel" şirkətilə əlaqələri olduğunu, lakin ilk dəfə idi ki satış etdiklərini bildirib. Ləğv olunmaya səbəb kimi otelin pulunun (təxminən 1100 AVRO) ödənilmədiyini qeyd edib. Aykut bəyin dediyinə görə, o, hazırda müştərilərin harada olmasından xəbərsizdir. Nərminə xanım "Yakut travel" şirkətinə səbəb olaraq müştərilərin aviabiletlərində problemin yarandığını, buna görə də gələ bilmədiklərini bildirib.

Pulu hələ də ödənilməyən aviabiletlər

Bu məsələdə növbəti zərərçəkmiş "Abdu Travel" şirkətinin aviakassiridir. Nərminə xanım ona gecə zəng edərək Bakı-Antalya-Bakı istiqamətində 4 aviabilet yazmasını, pulu sabah ödəyəcəyini bildirib. Xanımın sözlərinə görə, pul ödənməyib və indi onun nömrələrinə zəng çatmır. Qeyd edək ki, aviabiletlərin ümumi dəyəri 3000 AZN-ə yaxındır. 

Polis bölməsinə aparılması barədə məlumat

Avqustun 8-də bizə Nərminə Dadaşovanın Bakı şəhər Nəsimi rayonu 22-ci polis bölməsinə aparılması barədə məlumat daxil olub. Dərhal adıçəkilən idarə ilə əlaqə saxladıq. İdarədən məlumat verdilər ki, bu məsələ il bağlı heç bir şikayət daxil olmayıb və Nərminə adlı heç bir xanım həmin gün, o zamana qədər polis bölməsinə gətirilməyib.

Qeyd edək ki, 2 gün ərzində Nərminə Dadaşovanın bir neçə nömrəsi ilə əlaqə saxlasaq da zənglərimizə cavab verməyib. Qarşı tərəfin fikrini öyrənmək üçün hər zaman hazırıq. 

Dövlət qurumlarının, assosiasiyaların nümayəndələrinin fikirlərini isə növbəti məqalədə oxucularımıza təqdim edəcəyik.

Onu da nəzərinizə çatdıraq ki, Atakişiyevlər ailəsi uşaqlarla birlikdə hələ də çarəsiz vəziyyətdə Antalyada qalıblar.

Paylaş

Əvvəlkİ

Azərbaycana gələn əcnəbilərin sayında artım müşahidə olunub - STATİSTİKA

Sonrakı

Şəki Xan Sarayı fəaliyyətini bərpa etdi

Abunə olun

Xəbərlərimizə abunə olun