Körpə ilə ilk uçuş - AZƏR İSMAYIL YAZIR

 

Oğlum Paşa ilə ilk uçuş onun 7 aylığına təsadüf elədi. Bizi qarşıda biri transatlantik olmaqla iki uçuş gözləyirdi. Ən ucuz bileti axtarıb tapandan sonra uçacağımız Lufthansa aviaşirkətində uşaqla uçmağın şərtlərinə baxdım. Qeyd edim ki, əksər aviaşirkətlərdə    0-23 aylıq körpələr üçün bilet 90% endirimlə təqdim olunur. Amma körpə üçün oturacaq nəzərdə tutulmur, qucaqda getməlidir. Buna rəğmən araşdırmama əsasən tam xidmət göstərən aviaşirkətlər uşaqlarçün 10-23 kq baqaj haqqı tanıyır. Lufthansa 23 kq baqaj icazəsi vermişdi. Transatlantik uçuşlarda körpələr üçün “bassinet” yəni beşik nəzərdə tutulub. Bu halda sizə ön sırada yer verilir və bu uşaq yatağı lövhədən asılaraq körpələrin uçuş boyu davamlı və rahat yuxusunu təmin edir. Amma yatağı aviaşirkətdən asılı olaraq öncədən zəng edib sifariş etməlisiniz. Körpə ilə uçuş təcrübələrini araşdırdıqdan sonra iki əsas şeyi yadda saxladım: Qalxış və eniş zamanı uşağın qulağına pambıq və çeynəmək üçün yemək vermək. Hər iki halda təyyarədə yaranan təzyiq uşağı narahat eləmir.

Nəhayət həmin gün gəldi. Bizim uşaq hər üç saatdan bir ən azı 180 ml qida qəbul etdiyi üçün uçuş və transit saatlarına uyğun quru qida (formula), termosda isti-qoyuq su, beş ədəd hazır qida qabları və uşağın sevdiyi oyuncaqları götürdük. Uşağı evdə yedizdirib çıxdıq ki, növbəti üç saatda tox olsun və bir də təyyarədə yemək verək.

Normalda aeroportlarda təhlükəsizlik yoxlanışında 100ml-dən artıq maye keçirməyə icazə verilmir, amma uşaqlar üçün güzəştə gedirlər. Belə ki, mayenin olduğu qablardan nümunə götürərək elə ordakı kiçik testerdən keçirirlər. Su olduğuna əmin olduqdan sonra icazə verirlər. Biz üç ədəd 0.5 litrlik termosda 1.5 litr isti-soyuq su keçirdik.

Lufhansanın məsuliyyətsiz əməkdaşlarına görə bizim bassinet sistemdə qeydiyyatda alınmamışdı və növbəti 8 saatda Paşa qucaqda uçacaqdı. Uşaq arabasında olduğu üçün düz təyyarənin qapısına kimi, araba bizdə qaldı, təyyarəyə minəndə bizdən götürdülər. Amma qeydiyyat zamanı arabaya üzərində adım olan xüsusi sticker vurulmuşdu ki, dəyişik düşməsin. Təyyarəmiz Boeing 747-400 və sıramız sondan bir öncəki idi. Təyyarəyə daxil olanda körpə uşağı görənlərin o narahatlıq dolu baxışlarını sezmək çətin deyildi. Yerimizi tutan kimi yanımızdakı sərnişinlərə və təyyarə bələdçilərinə Paşanın bu reys üçün xüsusi konsert proqramı hazırladığını dedim və odur ki, indidən üzr istədiyimizi çatdırdım. Təbii ki, bunu zarafatyana dedim ki, çox da şey eləməsinlər. 

Quyruq tərəfdə olduğu üçün yerimiz iki yan-yana idi və illuminatorun altında çanta üçün əlavə yer var idi deyə lazımlıları ora yerləşdirdik. Bələdçi uşaq üçün olan kəmərdən istifadə qaydasını və oksigen borusundan istifadəni izah elədi.

Təyyarə yavaş-yavaş uçuşa hazırlaşırdı. Uşağa tam sərbəstlik vermişdik ki, hərəkət edib yorulsun. Artıq uçuş zolağında idik və təyyarə qalxmağa hazırlaşırdı. Öncədən götürdüyüm pambığı kiçik hissəyə bölüb uşağın qulağına tıxadım və hazırladığımız maye qidanı uşağa verməyə başladıq. Yeməyi hardasa  15 dəqiqə çəkdi, bu vaxt təyyarənin havaya qalxıb yüksəklik almasına kifayət edirdi. Daha sonra mürgülədi və yatdı. Yatmaq vaxtı onun gecə yuxusuna təsadüf etdiyi üçün demək olar ki, 7 saat fasiləsiz yatdı. Təyyarənin tualetində uşağın altını dəyişmək üçün yer var. Onun üçün unitazın üstündəki lövhəni aşağı çəkirsiniz və uşağı həmin lövhəyə uzadaraq bezini (diaper) dəyişə bilərsiniz.

Təyyarə enməyə hazırlaşanda Paşa oynamaq istəyirdi və kəmərdən çıxırdı. Enənə kimi oynadı. Enməyə təxmini 30 saniyə qalmış qucağımda otuzdurdum və qəza enişində olduğu kimi onu özümə sıxdım. Çünki təyyarənin təkəri yerə dəyən kimi sərt tormozlama olur və uşaq bundan zədə ala bilər. Beləliklə ilk uçuşumuz yaxşı və sakit keçdi. Çatandan sonra yanımızdakı sərnişinlər və təyyarə bələdçiləri oğluma təriflər deyirdilər ki, özünü yaxşı apardı  

Uşaq arabasını elə təyyarəni tək edən kimi geri aldıq.

7 saat transit zonada olduğumuz zaman uşağın su qutusunu isti su ilə doldurdum. Bunu aeroportda olan istənilən kafedən istəmək olar. Problem etmirlər.

İkinci uçuşda qeydiyyatda olan agent bizim yeri elə təyin etdi ki, orta oturacaq boş qaldı və uşaq həmin oturacaqda uçuş boyu yatdı 

Ümumilikdə uşaqla uçuş gözlədiyim kimi çətin olmadı,amma hər uşağın xarakteri fərqli olduğu üçün digər uşaqlar fərqli reaksiya və davranış göstərə bilərlər.

Mənbə: https://azikiss.me

 

 

Paylaş

Əvvəlkİ

Türk Hava Yolları Bakıdan olan reyslərin sayını artırır - MƏLUMAT

Sonrakı

Azərbaycanla Türkiyə arasında viza ləğv edildi - FOTO

Abunə olun

Xəbərlərimizə abunə olun