İki göl arasında yerləşən kurort


İsveçrədə, Bern Oberland regionunun lap mərkəzində yerləşən İnterlaken adlı kurort şəhəri öz təbii gözəllikləri ilə məşhurdur. Bu şəhərin adı çox şeydən xəbər verir: “İnterlaken” sözünün mənası “iki göl arasında yerləşən məkan” deməkdir. Həqiqətən, bu şəhər mənzərəli Tun və Brients göllərinin arasında, dağların əhatəsində yerləşir. Bu səbəbdən İnterlaken maraqlı istirahət guşəsi, ən müxtəlif ekskursiyaların başlanğıc nöqtəsidir. Belə ekskursiyaların ən yaddaqalanı isə qatarla Alp dağlarının Yunqfrau zirvəsinə səfərdir.

Avropa aeroportu

İnterlakenə ən yaxın aeroport İsveçrənin Bern şəhərindən 50 kilometr aralıda yerləşir. Lakin bu, həmin kurorta hava yolu ilə getməyin yeganə üsulu deyil. Biz Budapeştdən “Wizz Air” aviaşirkətinin reysi ilə Bazel-Myuluz-Frayburq aeroportuna uçduq. Bu hava limanına Avropa aeroportu da deyilir. Fransada Sen-Lui şəhərinin yaxınlığında yerləşən Bazel-Myuluz-Frayburq aeroportu dünyada yeganə hava limanıdır ki, eyni zamanda iki ölkə - həm Fransa, həm də İsveçrə tərəfindən idarə olunur. Əslində 60 kilometr aralıda yerləşən Frayburq (Almaniya) şəhəri də bu limana xidmət edir.

Aeroport şərti olaraq, Fransa və İsveçrə zonalarına bölünüb. Bütün formal proseduralar yerinə yetiriləndən sonra İsveçrəyə gedən sərnişinlər bir qapıdan, Fransaya gedənlər başqa qapıdan keçirlər.

Sonra avtobus sizi yaxınlıqdakı iri şəhərə aparacaq. Biz hava limanından 36 kilometr aralıda yerləşən Bazelə çatandan sonra orada İnterlakenə gedən qatara mindik.

Interlaken Ost və Interlaken West stansiyaları

İki saat yol gedəndən sonra Şərqi İnterlaken (Interlaken Ost) dəmiryol stansiyasına çatdıq. Ərazisinin sahəsi cəmi 4,4 kvadratkilometr, əhalisinin sayı təqribən 5750 nəfər olan bu şəhərdə iki dəmiryol stansiyası var. Qərbi İnterlaken (İnterlaken West) və Şərqi İnterlaken (İnterlaken Ost) stansiyaları arasında məsafə təqribən 2 kilometrə bərabərdir. Əlbəttə, bu stansiyalar təkcə İnterlakenə deyil, regiondakı çoxsaylı bələdiyyələrin və kəndlərin hamısına xidmət edirlər. Hər iki stansiya kiçik olsa da, burada İsveçrənin bütün iri şəhərlərinə gedən qatarlara bilet almaq mümkündür.

İctimai nəqliyyat

İsveçrədə qəbul edilmiş qaydaya görə, İnterlakendə ictimai nəqliyyat turistlər üçün pulsuzdur. Əgər oteldə qabaqcadan yer sifariş etməyinizi təsdiqləyən elektron formalı və ya kağızda çap edilmiş sənəd varsa, müvafiq nəqliyyat vasitəsinə cəsarətlə minib öz otelinizə yola düşün.

Oteldə qeydiyyat formasını doldurandan sonra sizə İnterlaken regionunun qonaq kartı təqdim ediləcək. Bu kart ictimai nəqliyyatdan pulsuz istifadə etmək hüququ və bir sıra güzəştlərdən bəhrələnmək imkanı verir. Qonaq kartının sayəsində, məsələn, velosiped icarəyə götürmək, müxtəlif ekskursiyalara, muzeylərə getmək və sair xidmətlər üçün 50 faizə qədər güzəşt əldə edirsiniz. Qonaq kartına əlavə edilən bukletdə həmin kartın verdiyi imkanlar barədə ətraflı məlumat var.

Promenad Höheweg

Bizim qaldığımız “Du Nord” oteli Şərq və Qərb vağzalları arasındakı yolun demək olar ki, ortasında yerləşir. Vağzalları birləşdirən Höheweg (Hoyeveq) küçəsi İnterlakenin əsas küçəsidir. İnterlaken sakinlərinin və şəhərin qonaqların sevimli gəzinti yeri olan bu bulvarda çoxsaylı otellər, restoranlar, butiklər, suvenir mağazaları və güllü-çiçəkli bağlar var. Hoyeveqdə turistləri gəzdirən at ekipajları da tez-tez gözə dəyir.

Höhematte parkı

Bulvarın mərkəzində yerləşən Höhematte (Höhematte) parkının çox maraqlı tarixi var. Deyilənə görə, təqribən 100 il bundan əvvəl Hoyeveq küçəsində yerləşən bəzi otellər onların qarşısındakı geniş əraziləri alıblar ki, daha orada tikinti işləri aparılmasın. Nəticədə bu gün şəhərin mərkəzində yaşıl ot örtüklü açıq bir meydan var. Buradan ətrafdakı təpələrə və dağ zirvələrinə gözəl bir mənzərə açılır. Bir sözlə, bu sövdələşmə hamının xeyrinə olub. Otellərin müştəriləri pəncərələrdən baxanda göz oxşayan panoram görür, şəhər sakinləri isə bu boş ərazidən müxtəlif məqsədlər üçün istifadə edirlər.

Məsələn, yay vaxtı həmin meydanda tez-tez paraplaneristlər əylənirlər, qışda isə parkın bir hissəsində Qış Əyləncə Mərkəzi (Top of Europe Ice Magic) fəaliyyət göstərir.

Buz meydançaları kompleksi - “Ice Magic”

Hər il dekabrın ortalarından fevralın son həftəsinə qədər İnterlakendə hissəsində Qış Əyləncə Mərkəzi (Top of Europe Ice Magic) fəaliyyət göstərir. Bu mərkəzin ən maraqlı hissəsi müxtəlif ölçülü buz meydançaları kompleksidir. Meydançaları birləşdirən dolanbac yolun uzunluğu 450 metrdir. Bir buz arenasında sürüşəndən sonra konki ilə başqa arenaya keçə bilərsiniz. Buz meydançalarının birində komanda şəklində keçirilən Bavariya körlinqi oyunu ilə də məşğul olmaq mümkündür. Onun üçün zəruri avadanlıqları elə oradaca icarəyə götürmək olar. Buz üzərində özünü inamsız hiss edənlər isə təlimatçılardan pullu