Gözlənilən oldu - "Turizm Reyestrinin aparılma Qaydası” TƏSDİQLƏNDİ

 

“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən “Turizm Reyestrinin aparılma Qaydası” təsdiq olunub.

Turizmplus.az xəbər verir ki, bununla bağlı qərarı yanvarın 23-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov imzalayıb:

“Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının 3.2-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Turizm Reyestrinin aparılma Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 23 yanvar 2020-ci il

№ 16

Reyestr turizm sənayesinin subyektləri barədə məlumatların toplanılmasını, saxlanılmasını, istifadəsini və daxil edilən məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını, həmin məlumatlar əsasında turizm sənayesinin subyektlərinin reytinq cədvəllərinin formalaşdırılmasını, o cümlədən istifadəçilər tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına əsasən açıq hesab edilən məlumatların əldə edilməsini, turizm sahəsində elektron xidmətlərin göstərilməsini, məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsini təmin edir.

Sənəd turizm reyestri turizm ehtiyatları, o cümlədən turizm nümayiş obyektləri, turizm məhsulları və turizm sənayesinin subyektləri haqqında məlumat bazasını, turizm sahəsində statistik məlumatları və onların monitorinqlərinin nəticələrini özündə birləşdirən elektron dövlət informasiya ehtiyatını özündə əks etdirir.

Reyestr turizm sənayesinə dair məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılır.

Reyestrin fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını Reyestrin operatoru olan Agentlik təmin edəcək. Reyestrdən istifadə və Reyestrdən məlumatların əldə edilməsi ödənişsiz olacaq.

Paylaş