"Gərək o vaxt öz şirkətimi yaradaydım" - ALEKSANDR QULİYEV

 

Aleksandr Quliyevlə SSRİ illərini keçib müasir dövrə gəlib çatırıq. Həm dövrün turizminə, həm də qocaman turizmçiyə aid suallar verirəm. O isə səbrlə, peşəkarlıqla və bunların fonunda yüksək səmimiyyətlə suallarımı cavablandırır. Beləliklə, "Əməkdar mədəniyyət işçisi", "Fəxri turizm işçisi" fəxri adlarına layiq görülmüş Aleksandr Quliyevlə söhbətimizin ikinci hissəsinə keçid alırıq.

Turizmdə yeni başlamış gənclər nələri öyrənməli və bilməlidirlər?

Turizm meneceri insanların səyahət barəsində arzularını gerçəkləşdirən insandır. Mütləq səbrli olmalıdır.  Onlar bu işə başlayanda elə düşünürlər ki, çox romantik və maraqlı peşədir; hər gün onlar üçün bayramdır, uzaq məsafələrə səyahətə yollanacaqlar və s. Əslində isə onlar müştərinin problemsiz və rahat səyahətini təmin etməli insanlardır. 

Yeni başlayan kadrların əsasən dil, coğrafi və tarixi bilikləri, yaxşı yaddaşları və insanlarla əlaqə qurmaq bacarıqları olmalı, vətənlərini və peşələrini sevməlidirlər. Stressə dözümlü olmaqları mütləqdir. Ofisdaxili və ümumiyyətlə işlə bağlı yazışmalarda düzgün davranmalı, xarici görünüşlərinə fikir verməlidirlər. Tur paketlərin hazırlanmasında, müştərilərlə münasibətdə, otellərin və aviabiletlərin bronlaşdırılmasında diqqətli olmalı, satmağı bacarmalıdırlar.

Bir sözlə peşəkar olmaq istəyən menecer müştəri ofisə daxil olandan turdan qayıdana qədər onu müşayət etməlidir.

İndiki gənclər məsləhət üçün yaşlı nəsilə müraciət edir?

Onlar indi anlayırlar ki, inkişaf etmək üçün keçmiş ənənələri də öyrənmək lazımdır. Necə ki, indi sizinlə keçmişdən söhbət edirik, onlar da keçmiş dövürdə nələrin baş verdiyi ilə maraqlanırlar. Yeniliyi yaratmaq üçün keçmişi itirməmək lazımdır və keçmişdə yaxşı olanları hazırki dövürdə istifadə etməliyik.

Onların işində hansı müsbət və mənfi halları görürsünüz?

İndiki gənclər təhsilli və alicənabdırlar. Əsas da texnikanı – kompyuteri və bir neçə dil bilirlər. Bir narazılığım ondadır ki, az oxuyurlar. Bəzi hallarda öz ölkələri haqqında bilikləri olmur. Coğrafiyanı yaxşı oxumurlar, siyasətlə maraqlanmırlar. Bu amil də çox vacibdir.

Ölkəyə gələn turistlərə isə bilikli insanlarla işləmək daha xoşagələndir.

Son illər ölkədə turizm sahəsində çox işlər görülüb. Sizin fikrinizcə görülən işlər gözlənilən nəticəni verəcəkmi?

Mən əminəm ki, bu işlər müsbət yöndə nəticələr verəcək. Çünki, Dövlət Turizm Agentliyinin həyata keçirdiyi işlər düzgün yöndədir. Onlar keçmiş dəyərləri saxlayaraq yenilərini əlavə edirlər. İndi bu sahədə peşəkarlar yetişdirilir, infrastruktur yaradılır. Yeni mütəxəssislərin yetişdirilməsi ən əsas amillərdəndir.

Turist axını ölkənin mədəni intrastrukturuna, ümumiyyətlə ölkəyə ziyan vura bilər?

XXI əsr turizm əsridir. Bu sahə inkişafdadır. Muzeylərdə, tarixi abidələrdə nəzarətçilər yerləşdirmək lazımdır. Təbii, nəzarət güclü olmasa, oğurluq olsa və ya qədim əşyalara toxunuş olsa, üzərlərində yazı yazılsa dağılacaq. Hərdən bizdə deyirlər ki, ərəb turistlər lazım deyil. Niyə lazım deyil, lazımdır. Sadecə bayaq da qeyd etdiyim kimi müqavilədə qaydaları qeyd etmək lazımdır və nəzarət güclü olmalıdır. Bu qədər turizmin inkişafında əziyyət çəkilir. Biz filan ölkədən turist gəlməsin deyə bilmərik.

Azərbaycan aviabiletlərin və otellərin qiymətləri ilə razısınızmı?

Mən razıyam, deyim niyə. Hər şey ondan asılıdır ki, sən hansı şəraitdə işləyirsən, kimlə işləyirsən və necə işləyirsən. Əgər mən otellərə müəyyən qədər müştəri verirəmsə, əlbəttə otel də mənə uyğun qiymətlər təklif edəcək. Otel xidmətlərindən danışsam, Azərbaycanda olan brend otellərin xidmətləri məni qane edir. Çünki orda idarəçi şəxslər qeyri-peşəkar işçilərin çalışmasına icazə vermirlər. Onlar öz imicləri uğrunda bunu edir. Ancaq orta səviyyəli otellərdə hətta öz peşəsini yaxşı bilməyən insanlar işləyə bilər. Bu da xidmətin zəif olmasına gətirib çıxarır. Onu da nəzərə almaq lazımdır ki, SSRİ dövrü ilə müqayisədə indi dövlət qiymətlərə müdaxilə edə bilmir. 

Bir şeyi də deyim sənə. Bəzi hallarda bizi Gürcüstanla müqayisə edirlər. Sovet vaxtı iki ölkə var idi ki, onların turizminə digər dövlətlərdən çox önəm verirdilər: Gürcüstan və Özbəkistan.

Aviabiletlər barədə

Biz hər dəfə sevinirik ki, bizim belə 5 ulduzlu hava limanımız var. Onun xərci də var axı...onu saxlamaq lazımdır. Hər kəs deyir ki, AZAL-ın servisi möhtəşəmdir. Mən də bununla razıyam. Mən hərdən digər aviaşirkətlərlə uçuram. AZAL fərqlənir; qidalanması ilə, biznes sinifi ilə və b. Əgər müştəri daha ucuz uçmaq istəyirsə lou-kost “Buta”nı da seçə bilər.

Bəs niyə xarici lou-kostlar Azərbaycana, ətraf rayonlara gətirilmir?

Bunun üzərində işlər görülməlidir. İndi-indi lou-kost anlayışı yayılmağa başlayıb. Zaman keçdikcə bu məsələlər həllini tapacaq.

Sizin dövrünüzdə kimlər var idi ki, indi onlar həyatda yoxdur və yerləri görünür?

Mən heç bilmirəm bu suala necə cavab verim. Əlbəttə, həmkarlarımız çox idi, hansı ki uzun illər biryerdə işləyirdik. Onu deyim ki, o vaxt işləyəndə biz hamımız bir-birimizi tanıyırdıq, hər birinin öz yeri var idi. Şirzad Əfəndiyev, Allah ona rəhmət eləsin. Biz onunla birlikdə “İmprotex”də işləyirdik. “SilkWay”in bünövrəsini qoyan insanlardan biri idi.

Gəncliyinizə dönsəydiniz yenidən nə etmək istərdiniz?

Bilirsən, Sovet vaxtında şəxsi şirkət yox idi. Mən Turizm Şurasından çıxandan sonra “İmprotex”ə gəldim. 90-cı illər idi. Düzdür, bu şirkətdə çox işlər gördük. İstədiklərimin hamısını reallaşdırırdım. Ancaq indiyə qədər fikirləşirəm ki, gərək özüm öz şirkətimi yaradaydım. Yenə deyirəm, orda mənə mane olan yox idi. Mən bildiklərimi icra edirdim.

Sualları siz hazırlasaydınız, hansı sualı özünüzə verərdiniz?

1974-cü ildən turizmdəyəm. Bütün mərhələləri keçmişəm, hətta bələdçi də olmuşam. O vaxt “Malıgin” küçəsində Göygöl mehmanxanası var idi. Onun iki mərtəbəsi turizm bazası idi. Yeganə yer idi ki, biz bütün SSRİ-dən turist qəbul edirdik. Yəni demək istəyirəm mənim  bu sahədə ömrüm keçib. Məndən soruşsalar ki, ikinci dəfə dünyaya gəlsən nə ilə məşğul olmaq istəyərdin, mənim cavabım yenə də turizm olardı.

İndi istədiyiniz yerdəsiz?

Bəli. İşlədiyim şirkət çox xoşuma gəlir. Çalışıram bütün biliyimi və bacarığımı ortaya qoyum. Həm də gənclərlə, yeni assosiasiyaların nümayəndələri ilə fikirlərimi bölüşürəm. Çalışıram işlərində yardımçı olum.  Bu yaxınlarda mənə yeni yaranmış Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədrinin müşaviri olmaq təklif olunub.

Razılaşacıqsız bu təkliflə?

Razılaşıram.

Gələcəyə dair planlarınız nələrdir?

Nə qədər gücüm və imkanım var çalışacam işlərimi davam etdirim. Bu mənim xoşuma gəlir.

Gəzdiyiniz ölkələrdən daha çox hansını sevirsiz?

Hər ölkənin özünməxsusluğu var. İtaliya, Çin və Yaponiyanı sevirəm. Məsələ orasındadır ki, hamı elə bilirki mən illərdir turizmdəyəm və bütün dünyanı gəzmişəm. Bu belə deyil. İşlə bağlı lazım olan ölkələrə gedirəm, eyzamiyyətə. Hansı istiqamətə çarter uçuş həyata keçiriləcəksə ora gedirəm, azarkeş turistləri olimpiyadalara aparmaq lazımdırsa tədbirin keçirildiyi ölkələrə gedirəm. Beləcə İngiltərədə, Yunanıstanda, Braziliyada və başqa ölkələrdə olmuşam.

Turizmin ən məşhur bizim isə son sualımız: çox oxuyan çox bilir yoxsa çox gəzən?

Hər biri vacibdir ancaq təcrübə möhtəşəmdir. Əgər sən harasa gedib, oxuduqlarını gözünlə görürsənsə bu daha yaxşıdır. Beləcə, sən bildiklərini də möhkəmləndirmiş olursan.

 

 

Paylaş

Əvvəlkİ

İsti ölkələrdə tərəfdaş axtarışında olan turizm agentliklərinin nəzərinə

Sonrakı

Bakı siqarsevərləri bir araya gətirdi - FOTOLAR

Abunə olun

Xəbərlərimizə abunə olun