Dubayda parlaq və qeyri-adi fotoşəkillər çəkmək üçün ən yaxşı yerlər

 

Dubay planetimizdə şəkli ən çox çəkilən yerlərdən biridir. Burada təbiətin valehedici gözəlliyi ultramüasir göydələnlər və memarlıq şedevrləri ilə harmoniya təşkil edir, kadra düşməyə layiq olan yerlərin sayı isə daim artır.

Dubayın Turizm və Kommersiya Marketinqi Departamentinin dəstəyi ilə biz “Bürc-Xəlifə” göydələninin, qürublu səmanın şəklini çəkərək parlaq və qeyri-adi kadrlar almaqdan ötrü ən yaxşı lokasiyaları sizə təqdim edirik.

“Bürc-Xəlifə”nin beş effektli rakursu

Dubayın ən fotogenik yerlərindən söz düşəndə “Bürc-Xəlifə” qülləsindən – şəhərin memarlıq görünüşünün ayrılmaz hissəsi və “Instagram” üçün fotoların çəkilişində ən populyar yerlərdən birindən başlamamaq düz olmazdı.

Beləliklə, Dubay Fəvvarəsi də kadra düşməklə məşhur “Bürc-Xəlifə”nin şəklini çəkmək üçün qüllə ilə üzbəüz yerləşən Əl-Bahar dəniz bazarındakı balaca restoranlardan birinə gedin. Dünyanın ən hündür binası uzaqdan çəkildikdə heç də az cəlbedici görünmür. Şeyx Zayed şosesindəki “H Hotel” mehmanxanasının damında yerləşən “40 Kong” restoranı lazımi rakurs seçmək üçün ideal nöqtədir.

Dauntaun rayonundakı digər binalar üzərindən ucalan “Bürc-Xəlifə” qülləsinin bərq vuran kadrlarını “Business Bay” rayonunda yerləşən restoranların – “Renaissance Downtown Dubai” otelindəki “Morimoto” yapon restoranından, “Taj Dubai”da “Treehouse” Aralıq dənizi restoranından və ya “Steigenberger Hotel Business Bay Dubai” otelindəki “art-street” üslubunda “The Backyard” Tailand restoranının terrasından çəkmək mümkündür.

“Dubai Frame” müşahidə meydançasından “Bürc-Xəlifə” qülləsinə şəhər mənzərəsi fonunda möhtəşəm görünüş açılır.

Qürubu harada izləmək olar?

Dubayda günəşin batması sehrli çalarları ilə fərqlənir: həm isti narıncı, həm şahanə bənövşəyi, həm romantik çəhrayı. Bu gözəlliyi şəhərin çoxsaylı müşahidə meydançalarından seyr etmək olar. Bu yerlərdən şərq səmasına və batan günəşə gözəl mənzərə açılır.

Dubayın qərbə tərəf mənzərəsi ilə “Kite Beach” və “Sunset Beach” kimi qızılı çimərliklər Ərəb Körfəzinin təmiz sularında qürubun əks edildiyi şəkillər üçün ideal yerlərdir.

Məşhur “Bürc-Əl-Ərəb” “yelkən-otel”i ilə təsir bağışlayan kadr arxasınca “Madinat Jumeirah” otelinin ətrafında yerləşən hər hansı bir restorana gedin. Siz çoxlu “layk” toplayan fotoşəkil üçün mütləq orada ən yaxşı rakursu tapacaqsınız.

Yeni əyləncə rayonu və axşam gəzintisi üçün əla yer olan “The Pointe” “Cümeyra palması” adasını əmələ gətirən palmanın düz zirvəsində yerləşir. Oradan “Atlantis The Palm” otelinə özəl mənzərə açılır, çəhrayı çalarlar qürub vaxtı daha incə görünür.

“Dubay Creek”ə axşam vaxtı valehedici mənzərə üçün “Park Hyatt Dubai” otelinə gedin. Orada şəhər panoramı fonunda batan günəşin son şüalarının şəklini çəkmək mümkündür.

Dubaya səfər zamanı ucsuz-bucaqsız qum təpələrinin fotoşəklini çəkməsəniz, bunun nə ləzzəti? Səhrada gəzmək, vəhşi heyvanların və yerli təbiət mənzərələrinin şəklini çəkmək üçün “Al Marmoom” qoruğuna yola düşün. “Al Qudra” gölünün yanında ayaq saxlayın və gözəl qürub fonunda səhrada vadinin şəklini çəkin!

Dubayın ən görməli yerlərindən biri olan məşhur “Ain Dubai” müşahidə çarxı qürub fonunda daha effektli görünür. “JBR” rayonundakı “The Beach” çimərliyində gəzərkən nəhəng çarxın şəklini çəkin.

Nəhayət, “Raffles” otelindəki “TOMO” yapon restoranının terrası batan günəşin şəfəqlərində Dubay axşamlarına ideal mənzərə üçün əla yerdir.

Dağ yamaclarından sualtı dünyayadək

Günəşin, dənizin və təmiz havada aktiv səyahətin ardınca “La Mer” çimərlik rayonuna gedin. Siz burada təkcə enli meydanlar və səs-küylü dalanlarda gəzmək deyil, həm də rəngarəng qraffitilərlə xeyli parlaq fotolar çəkə bilərsiniz.

“Art-street” həvəskarlarının hökmən “City Walk” məhəlləsinə baş çəkməsi məsləhətdir. Orada dünyada məşhur “art-street” ustalarının əl işlərini görmək, həmçinin Avropa küçələrini xatırladan meydanları və piyada zonaları olan müasir şəhər məhəlləsinin urbanistik üslubda kadrlarını çəkmək mümkündür.

Köhnə şəhərdə olanda Əmirliklərin ənənəvi abra qayığında gəzin, su kanalının və ona bitişik “Dubay Creek” rayonunun şəkillərini çəkin. Buradan eyni vaxtda həm köhnə, həm də yeni Dubaya gözəl mənzərələr açılır, göydə uçan qağayılar isə fotoya ideal əlavədir!

Hatta dağı ilə gözəl kadr çəkmək istəyirsinizmi? O zaman yaxın məsafədən foto alınmasından ötrü zümrüd rəngli Hatta gölündə qayıqla dağlara tərəf üzün.

Şəhərin müxtəlif akvariumlarında Dubayın sualtı dünyası ilə yaxından tanış olmaq və gözəl fotolar çəkmək mümkündür. On milyon litr həcmində Dubay akvariumu və sualtı zoopark “Dubai Mall” ticarət mərkəzində yerləşir. Burada 33 mindən çox dəniz canlısı yaşayır. Həmçinin burada qumsal yerlərdə yaşayan pələngəbənzər zolaqlı köpək balıqlarının ən böyük populyasiyasını görmək olar. “Atlantis The Palm” kurortundakı “The Lost Chambers” akvariumu isə ziyarətçiləri batmış gəmilərin və xarabalıqların olduğu itirilmiş sivilizasiyanın sualtı dünyasına aparır.

Ailə ilə birlikdə Dubaydakı çoxsaylı tematik parklardan birinə getmək səyahətdən ən yaddaqalan xatirələr olacaq. Burada sizi hər addımda maraqlı lokasiyalar gözləyir: “IMG Worlds of Adventure”, “Dubai Parks and Resorts” və s.

“Dubai Miracle Garden” parkında çiçək kompozisiyalarından parlaq kadrlar çəkin: çiçək açan 50 milyondan çox bitki nəhəng installyasiya formasını, o cümlədən iri “Airbus A380” təyyarəsinin formasını alır.

AZƏRTAC

Paylaş

Əvvəlkİ

Посол Великобритании: Финал ЛЕ в Баку был замечательно организован

Sonrakı

Bakı metrosu saat 5-ə qədər sərnişinlərə xidmət göstərib - VİDEO

Abunə olun

Xəbərlərimizə abunə olun