Dağların başına - qədim Xınalığa müasir nəfəs - ÖZƏL REPORTAJ

 

Belə layihələr Bakının mərkəzində tez-tez baş tuturdu. Sentyabrın 6-da Dövlət Turizm Agentliyi və VarYox art platformasının Qubanın Xınalıq kəndində birgə təşkil etdiyi "Dağların başı" layihəsi isə həm qeyri-adiliyinə həm də keçirildiyi əraziyə görə fərqli idi. Odur ki, biz yola düşəndə hər kəs nələrin baş verəcəyi, hansı maraqlı görüntülərlə qarşılaşacağı barədə düşünürdü, elə mən də...

Xınalıq - 5000 il tarixi olan qədim yaşayış məskənidir. Təbii, bu kənd haqqında çoxumuz eşitmişik, bəzilərimiz burada olmuşuq. Düşündüm ki, kəndin tarixini, mədəni irsini bir də qədim Xınalığa bələd insandan - "Xınalıq Dövlət Tarix-Memarlıq Muzeyi"nin əməkdaşı Səxavət Abayevdən dinləyək. Onu da nəzərinizə çatdıraq ki, bu Qoruq, eyni zamanda Muzey Nazirlər Kabinetinin yaxın günlərdə  Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına əlavə edilib.

Muzeylə tanışlıqdan sonra kəndin dik küçələri ilə yuxarı qalxmağa başladım. Rastlaşdığım insanlar da, söhbətləşdiyim kənd camaatı da həvəslə və maraqla axşam baş tutacaq tədbiri gözləyirdilər. Bu layihə əsasən yerli əhalinin xarici turistlərə adaptasiya olunması məqsədi daşıyırdı. Bu mənə görə də çox dəyərli idi. Uşaqlar bizi maraqla sezir, bizdən nələrsə öyrənmək və bölüşmək istəyirdilər. Gəzdikcə əmin olurdum ki, gözlənilən adaptasiya məsələsi artıq başlayıb. Bununla yanaşı onların dünyagörüşünün dəyişməsində burada iştirak edən insanların böyük rolu var. Bəs onlar kim idi, bir ay ərzində bu kənddə hansı işləri görmüşdülər? Bunların hamısı haqqında mənə  “VarYox” mədəniyyət və incəsənət təşkilatının rəhbəri Sitarə İbrahimova məlumat verdi. Burada hər şey təbii idi. Ona görə də nə söhbətin əvvəlini, nə danışılanları nə də kameranın qarşısından sevincək harasa qaçan uşağı montaj etmək fikrində olmadım, istəmədim...