Bu gün Azərbaycanda 650 min ağac əkiləcək

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə - yəni dekabrın 6-da respublikamızda 650 min ağac əkiləcək.

Turizmplus.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

Bununla yanaşı aksiyaya geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulublar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

Xatırladaq ki, dahi şairin 600 illik yubileyi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təntənəli surətdə keçirilib. Böyük söz ustadının 600 illiyi UNESKO-nun əlamətdar tədbirləri siyahısına daxil edilərək 1973-cü ildə ilk dəfə beynəlxalq miqyasda qeyd olunub.