Bakı aviasiya və turizm sahəsində möhtəşəm tədbirə ev sahibliyi etdi - FOTOREPORTAJ

 

Bakıda bir çox onlayn səyahət platformalarının, aviaşirkətlərin, otellərin və turizm mütəxəssislərin iştirakı ilə "E-Commerce & Travel" adlı beynəlxalq konfrans keçirilib.

Turizmplus.az xəbər verir ki, sentyabrın 19-da “Sheraton Baku Airport” otelində baş tutan konfransda müxtəlif ölkələrdən ümumilikdə 250 nəfər iştirak edib.

“Azərbaycan Hava Yollları”nın baş tərəfdaşlığı, “Smart Solutions”, “Amadeus” və “Silk Way Travel” şirkətlərinin dəstəyi sayəsində həyata keçirilən tədbirə dünyanın nəhəng onlayn platformalarının nümayəndələri qatılıb.

Tədbiri AZAL-ın vitse-prezidenti Eldar Hacıyev giriş nitqi ilə açıb: 

“Azərbaycanın ərazisinin kiçik olmasına baxmayaraq, paytaxt və regionlarımızda beynəlxalq standartların bütün tələblərinə cavab verən altı beynəlxalq aeroportun fəaliyyət göstərməsi və milli aviadaşıyıcılarımızın marşrut şəbəkəsinin daima genişlənməsi ölkəmizə turistlərin axını üçün geniş imkanlar yaradır”, -  deyə Eldar Hacıyev qeyd edib.

Daha sonra Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA), Azərbaycan Turizm Bürosunun, Azərbaycan Dəmir Yollarının, Azərbaycanın ən böyük turizm şirkətlərinin və turizm və aviasiya sektorlarında elektron xidmətlərin aparıcı təchizatçı şirkətlərinin nümayəndələri bu sahədəki ən son yeniliklər və imkanlar barəsində məlumatlar veriblər.

Konfrans ümumilikdə 3 sessiyadan və 2 müzakirə panelindən ibarət olub. Sessiyaya "Silk Way Travel" şirkətinin direktoru Niyazi Həsənov, müzakirə panellərinə isə müvafiq olaraq İctimai Televiziyanın sədr müavini Murad Hüseynov və səyahət yazarı, blogger Azər Qərib moderatorluq ediblər. 

Tədbirin sonunda təşkilatçı Yuriy Şabunin konfransın yüksək səviyyədə keçirilməsinə görə iştirakçılara təşəkkürünü bildirib. AZAL-ın vitse-prezidenti Eldar Hacıyev isə öz növbəsində konfransın Bakıda ənənəvi keçirilməsini təklif edib.

Paylaş

Əvvəlkİ

AZAL zərərli tullantılarla bağlı yeni texnologiyalar tətbiq edəcək

Sonrakı

Dənizi və istini sevənlərə xəbərimiz var - MALDİV ADALARINA SƏYAHƏT

Abunə olun

Xəbərlərimizə abunə olun