Azərbaycanda məşhur gölün ətrafı turizmin inkişafı məqsədilə bərpa ediləcək

 

Bir vaxtlar istirahət məkanı və yay düşərgəsi kimi ad çıxaran Hacıqabul gölünün bərpası ilə bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilib.

Turizmplus.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, Hacıqabul gölünün ətraf ərazisində müxtəlif təyinatlı yeraltı və yerüstü kommunikasiya və infrastruktur obyektlərinin mövcudluğu, ətraf mühitə antropogen təsirlər nəzərə alınaraq ərazidə ekosistemin bərpası istiqamətində fəaliyyətin əlaqələndirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Şirvan və Hacıqabul rayon icra hakimiyyətlərinin, “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətlərinin nümayəndələrindən ibarət İşçi qrup yaradılıb.

İşçi qrup tərəfindən göl və gölətrafı ərazilərdə kompleks tədqiqat işləri aparılıb, gölün qurumasını və çirklənməsini törədən səbəblər araşdırılıb, yaranmış problemin həlli üçün mövcud imkanlar qiymətləndirilib. Araşdırmaların nəticəsi olaraq Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və ərazidə ekosistemin bərpası üzrə tədbirlər planı hazırlanıb.