Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb - VİDEO

 

İki qardaş dövlət – Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb.

Bu ilin avqust ayında Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında fəaliyyət göstərən yeni hava dəhlizinin açılışı baş tutulub.

Naxçıvan Muxtar Respublikasının geosiyasi mövqeyini nəzərə alsaq, “Dostluq dəhlizi” önəmli strateji əhəmiyyətə malikdir. Dəhlizin sayəsində iki ölkə arasında digər qonşu dövlətlərin ərazilərini yan keçərək birbaşa hava əlaqəsi yaradılıb.

Birbaşa hava dəhlizi Araz çayı boyunca uzanan iki ölkə arasındakı 15 kilometrlik sərhəddən keçir. Qeyd edək ki, 28 May 1992-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə burada avtomobil körpüsü və Sədərək-Dilucu sərhəd-keçid məntəqəsi açılıb.

Digər ölkələrin ərazisini yan keçərək Naxçıvan və Türkiyə arasında əlaqə yaradılmasına imkan yaradacaq dəhlizinin açılması ilə bağlı intensiv işlərə 2018-ci ildə başlanılıb.

Layihə “Azəraeronaviqasiya” (AZANS), Türkiyənin Dövlət Hava Limanları Təşkilatı (DHMİ) və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) əlaqələndirilmiş işi sayəsində qısa müddətdə həyata keçirilib.