Azərbaycan hava limanlarında yeni rekord - STATİSTİKA

 

2019-cu ilin ilk 10 ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 4,7 milyon sərnişin təşkil edib ki, bu da son illərin rekord göstəricisidir.

Turizmplus.az xəbər verir ki, bunun 4 milyondan çoxu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür ki, bu da ötən ilin göstəricisindən 200 min sərnişin çoxdur.

Naxçıvan hava limanı 541 min sərnişinə xidmət göstərib. Gəncənin hava limanı isə – 127 min sərnişin ilə üçüncü yeri tutub.

Sözügedən müddət ərzində milli aviadaşıyıcı – AZAL 1,72 milyon sərnişin, Azərbaycanın loukost aviaşirkəti "Buta Airways" isə 499 min sərnişin daşıyıb.

Paytaxtın hava limanında beynəlxalq uçuşlarda sərnişinlərin sayı 3,52 milyon nəfər təşkil edib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı “Türk Hava Yolları” (Türkiyə, 418 min sərnişin), “FlyDubai” (BƏƏ, 207 min), “Aeroflot” (Rusiya, 167 min), “AirArabia” (BƏƏ, 141 min), “UIA” (Ukrayna, 107 min), “Qatar Airways” (Qətər, 90 min), “Lufthansa” (Almaniya, 59 min) və “SCAT” (Qazaxıstan, 52 min) daxil olub.

2019-cu ilin oktyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 32 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib.