ATAA sədri Rüfət Hacıyev yeni mexanizm haqqında açıqlama verib

 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə  Heyəti  və  Ekspertlər Şurası turizm agentliklərinin göstərdiyi xidmətin keyfiyyətini artırmaq və müştəri məmnunluğunu təmin etmək üçün yeni mexanizm hazırlayıb. İrəli sürülən təklifə əsasən bundan sonra Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına üzv olan agentliklərlə onların xidmətlərindən yararlanan müştərilər arasında müqavilə imzalanacaq.

Tədbiq olunacaq yeni mexanizmlə bağlı Turizmplus.az saytına açıqlama verən ATAA-nın sədri Rüfət Hacıyev bildirib ki, bu addım tərəflər arasında yaşana biləcək problemlərin və narazılıqların qarşısını almağa xidmət edəcək:

“Müqavilə turizm şirkətləri müştərilərə tur paketlər satdığı zaman bağlanacaq. Beləcə, hər iki tərəfin hüquqları qorunacaq. Eyni zamanda həm müştərilər, həm də turizm şirkətləri üzərlərinə düşən öhdəliklərə daha məsuliyyətlə və ciddi  yanaşacaqlar” – deyə sədr bildirib.

Rüfət Hacıyev  bu istiqamətdə şirkətlərlə maarifləndirmə işlərinin aparılacağını da bildirib:

“Biz assosiasiyamıza üzv şirkətlərlə  bu müqavilənin üstün tərəflərini izah etmək üçün maarifləndirmə işləri aparacayıq. Müqavilənin vacibliyi,onun hüquqi mexanizminin tənzimləməsi haqqında onlara məlumatlar çatdırılacaq. Onu da qeyd edim ki, əgər tərəflər arasında bu müqavilə imzalanmasa və hər hansı bir problemlər yaşanarsa, bu zaman ATAA qaldırılan məsələlərin obyektiv həll olunmasında müəyyən çətinliklərlə qarşılaşa bilər. Bu səbəbdən Assosiasiyaya üzv olan şirkətlərə onların xidmətlərindən yararlanan müştərilərlə müqavilə imzalamağın vacibliyini bir daha vurğulamaq istərdim”.