Aleksandr Quliyevlə Azərbaycan turizminin keçmişinə baxış - I HİSSƏ

 

Turizmplus.az saytının növbəti qonağı təcrübəli və qocaman turizmçi, ”Silkway Travel” şirkətində Direktorun Turizm üzrə məsləhətçisi vəzifəsində çalışan Aleksandr Quliyev oldu. Bu sahədə elə insanlar var ki, onlarla mütləq danışmaq lazımdır. Onların təcrübələrini sizinlə bölüşməsi fəxr sayılmalıdır. Aleksandr Quliyev belə insanlardan biridir. Biz çox şadıq ki, bu sahənin yaşlı nəsli bizi qəbul edir, fikirlərini bizimlə eyni zamanda bizimlə yanaşı oxucularımızla da bölüşürlər.

Onu da əlavə edək ki, Aleksandr Quliyev 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə "Əməkdar mədəniyyət işçisi", eyni zamanda 2015-ci ildə hazırki Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən "Fəxri turizm işçisi" fəxri adlarına layiq görülüb.

Söhbətimizi isə iki hissəyə - keçmiş və gələcək ayırmağa qərar verdik. Beləcə, birinci hissəni oxucularımıza təqdim edirik:

  • SSRİ dövründə turizm...

Hə, bu haqda səninlə maraqlı söhbətimiz baş tutacaq. O dövrün ilk peşəkarları 1978-ci ildə məzun olublar. Onlar əsasən iqtisadçı və bələdçilər idi. Hələ 1967-ci ildə dövlət 1.5 milyon turist qəbul etmişdi. Bu bütün əhalinin 0.4%-i idi. Bundan öncəyə qayıtsaq biz görərir ki, SSRİ-də turizmin bir neçə növü olub. Söhbət 1960-cı ildən gedir. Həmkarlar İttifaqları Turizmi, bu təşkilatda mən sədr müavini idim, xarici turizm, gənclər turizmi – “Sputnik” adlanırdı, hərbi turizm – onlar hərbiçilərin və ailələrinin istirahətini və səyahətlərini təmin edirdir və məktəbli turizmi.

  • Səhv etmirəmsə dövrümüzdə sadaladıqlarınızdan yalnız Həmkarlar İttifaqlarının turizmi qalır?  

Həmkarlar da indi o səviyyədə deyil. O dövrdə onların turizmi ən dövlətlisi hesab olunurdu. Mən indi  nümunə deyəcəm, sizə aydın olacaq;

Gənclər turizminə aid Sputnikin tərkibində o zamanlar Zaqulbada - dəniz kənarında “Gənclik” istirahət mərkəzi var idi. Eyni zamanda Xarici turizmin tərkibində köhnə İnturist, Azərbaycan və Moskva otelləri də var idi. İndi gəlin Həmkarlar İttifaqlarına nəzər salaq;

Abşeron mehmanxanası, əvvəllər vağzalın üst tərəfində yerləşən Turist sonradan Qarabağ mehmanxanası adlandı, Nabranda hər biri 1000 yerlik iki turist bazası, Zaqatalada 300 yerlik, Mingəçevirdə 400 nəfərlik, Hacıkənddə 200 nəfərlik, Qəbələdə 500 nəfərlik turist bazası Həmkarlar İttifaqlarına tabe idi. Ancaq bunlar yerli İttifaqa yox birbaşa Moskvanın tabeliyində idilər. Bundan başqa Həmkarlar İttifaqları həm də yerli əhalinin xarici ölkələrə səfərlərinin təşkili ilə də məşğul idi.

Bununla yanaşı hər şəhər və rayonun tərkibində səyahət və ekskursiya büroları fəaliyyət göstərirdi.

Whats-App-Image-2019-08-20-at-12-53-06-1

  • O dövr turizminin qaydaları

Bələdçilər...

Bizim dövrümüzdə heç bir bələdçini öz başına ekskuriya aparan görmək olmazdı. O zamanlar Turizm Şurası var idi. Bakı Bürosu ona tabe olan bir təşkilat idi. Bu təşkilat bələdçilərə nəzarət edirdi. Yalnız 8 ay təlimlər keçmiş, sertifikatlaşmanı uğurla başa vuran insanlar imtahan verirdilər. İmtahanda coğrafiya və tarix fakültəsindən olan müəllimlər və bu təşkilatın mütəxəssisləri iştirak edirdilər. Sonra isə turist marşrutlarını öyrənirdilər.

Turist marşrutları...

O dövrün marşrutları isə indiki kimi deyildi, hər biri qeydiyyatdan keçirilirdi. Bizim dövrümüzdə qeydiyyatdan keçirilmiş SSRİ üzrə 13 min turist marşrutu var idi. Sürücünün dayanacaqlarından tutmuş dayanma vaxtlarına qədər, turistlərin rahat hərəkətinə qədər hər şey hesablanırdı. Biz otağımızda oturanda belə saatla turistlərimizin harda olduğunu yaxşı bilirdik.

Nəqliyyat...

Həmkarlar İttifaqlarının tərkibində xüsusi avtobus bazası var idi. Burada olan nəqliyyat vasitələri yalnız turistlərə xidmət üçün nəzərdə tutulmuşdu. Mikrafon işləməsin, sınıq oturacaq olsun və s. belə şeylər ağlasığmaz idi, ola bilməzdi. Nəzarəti həyata keçirən təşkilatın adı “Avtobaza turist” adlanırdı. Texniki nəzarət güclü idi. Hətta sürücülərin geyiminə  də nəzarət olunurdu.

  • SSRİ dövründə Azərbaycana gələn turistlərin davranışları...

Xaricdən nisbətən az adam gəlirdi. Əsasən, SSRİ ölkələrindən turistlər olurdu. Onlar isə qaydalara tam riayət edirdilər.

İndiki vəziyyəti nəzərə alsaq deyə bilərəm ki, turistlərin davranışlarını tənzimləmək üçün bir neçə yol var. Bir çox xarici ölkələrdə turizm polisi fəalliyyət göstərir. Onu tətbiq etmək olar. Şirkətlər xarici partnyorlarla müqavilə zamanı mütləq bu məsələləri də qeyd etməlidirlər. Nəyə görə biz Ramazan zamanı ərəb ölkələrinə gedəndə çöldə yemək yemirik və ya qadınlar baş örtüsündən istifadə edir. Ancaq Azərbaycana gələn ərəb turistlər bəzi qaydalara riayət eləmir, çünki biz tələb etmirik.

  • Turistlərin aldadılması halları...

O dövrdə nəzarət var idi. Bütün sahələrdə peşəkarlar çalışırdı deyə, bucür hallara yol verilmirdi. Ofisiantlar, sürücülər, bələdçilər hər biri sertifikatlaşmadan keçirdilər. Sən tur paketi düzəldirdin, qiymətini verirdin və turist bununla tanış olub alırdı. Heçkim küçədə qiymət razılaşdırmırdı. Hər şeyin əsasında mütəxəssislərin işi dururdu.

  • Sizin yeniliklərlə bağlı əlavələriniz var?

Söhbət zamanı mən artıq bir neçəsini qeyd etmişəm. Yeni mütəxəssislərin yetişdirilməsi və sertifikatlaşdırılması.

Yenidən qayıdaq SSRİ dövrünə. O zamanlar peşəkar kadrlar zamanla təkmilləşdirmə kurslarına cəlb olunurdular. Baxmayaraq ki, bizim bu sahədə 5-6 ildən çox təcrübəmiz var idi yenə də biz təlimlərə göndərilirdik. Bu təlimlərdə biz turistlərin qidalanmasını, xarici turistlərin qəbulunu, turizm işçisinin özünü aparma qaydalarını öyrənirdik.

Turistlərin qidalanması

Qarabaşaq – bu qidanı hərbirimiz sevirik, elə deyil? O zamanlar da ən çox istehlak olunanlardan biri idi. Ancaq o zamanlar qarabaşağı xarici turistlərə vermək qadağan idi. Çünki onlar öz ölkələrində bu yeməyi mal-qaraya verirdilər verirdilər.  Bu kiçik fakt sənin bütün işini poza bilərdi.

Söhbətə Rufət Yusifov qarışır:

Hər ölkənin öz mentaliteti var. Əgər qonağınız İsraildəndirsə həmin ölkənin, Hindistandırsa onların adət ənənələrini öyrənmək lazımdır. Hər şeyi bilmək lazımdır: onlar necə qidalanır, özlərini necə aparır,  nə istəyirlər.

Aleksandr Quliyev:

Hətta salamlaşma zamanı belə diqqətli olmaq lazımdır. Məsələn, Yaponiyadan gələn turistlər əllə görüşmürlər, baş əyirlər. Ya da kiminləsə qucaqlaşmaq normal sayıla bilər kiminləsə yox. Bunları bilmək lazımdır. O dövrdə bunları bilməsəydiz, sizi bu sahəyə yaxın buraxmazdılar.

  • Yaxın keçmişə nəzər salaq...Məşhur və bu sahədə ilk “İmrpotex”

Mənim yadıma gəlir, tam səmimi deyəcəm, biz bu işə - gəlmə turizmə (incoming) başlayanda bunun nə olduğunu heçkim bilmirdi. O zamanlar bütün Qafqazda İmprotex yeganə özəl şirkət idi. Onda heç Turizm Nazirliyi də fəaliyyət göstərmirdi. Türkiyənin kurort şəhərlərinə də ilk çarter reysləri də biz yerinə yetirmişik. Biz bütün sərgilərə öz hesabımıza və öz gücümüzə gedirdik.  Məşhur ITB Berlin sərgisində ilk dəfə hansısa ölkə iştirak edəndə sərginin keçirildiyi zalda o ölkənin bayrağı dalğalanır. Biz ilk dəfə qaçıb zala baxmışdıq ki, nəhayət Azərbaycanın bayrağı orada dalğalanır yoxsa yox...maraqlı idi. Mən bu haqda ətraflı danışmayacam. O zamanlar Berlinin qubernatoru da həmin sərgini ziyarət edirdi. İlk dəfə bu sərgidə iştirak edəndə bizimlə də görüşmüşdü. 

Belə, ilk dəfə Azərbaycana gələn turizm mütəxəssisləri Avstriyadan idi. Bu hadisə 1995-96-ci illərə təsadüf edir. Onlarla görüş keçirdik.  Azərbaycanın turizm potensialını öyrənməyə gəlmişdilər. O zamanlar ilk dəfə turizm məhsulu termini işləndi. İndi hamının bu haqda məlumatı var. O dövürlərdə turizm yalnız insanları hansısa xarici ölkəyə göndərməyə deyirdilər. Mən gələcək “incoming”dədir deməkdən yorulmuşdum. Düzdür, bu sahə biraz əziyyətli idi. O vaxt Rüfətlə Oktay gedib bir-bir rayonları gəzib öyrənirdilər, sonra Bakıya qayıdıb marşrutu cızırdılar. Sonra turistlər üçün turlar hazırlanırdı. İndi belə şey yoxdur. Bir şirkət hazırlayır, digərləri isə bundan istifadə edir.

İndi isə biraz bugündən və gələcəkdən danışaq...

Paylaş

Əvvəlkİ

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “HOTREC” prezidenti ilə görüşüb - FOTO

Sonrakı

"Buta Airways" yeni istiqamətlərə uçuşlar həyata keçirəcək

Подписывайся

Подписывайся на нашу рассылку