“Azərbaycan Hava Yolları” daha 12 ədəd A320neo təyyarəsi alacaq

AZAL Airbus 3

Azərbaycan milli aviadaşıyıcısı (AZAL) A320neo və A321neo laynerləri daxil olmaqla A320neo ailəsinə aid 12 “Airbus” təyyarəsi üçün sifariş verib.

Aviaşirkətdən Turizmplus.az saytına verilən məlumata görə, müqavilənin imzalanma mərasimi aprelin 6-da Bakıda baş tutub. Yeni təyyarələr aviaşirkətin səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa və parkda olan bütün hava gəmilərində sərnişinlərin yüksək səviyyədə rahatlığını təmin etməyə imkan verir. Bu amillər müasir və qənaətcil təyyarələrin istismarına yönəlmiş AZAL-ın donanmasının yenilənməsi strategiyasının bir hissəsidir. Mühərriklərin seçimi aviaşirkət tərəfindən daha sonrakı mərhələdə baş tutacaq.

“Biz donanmamızın modernləşdirilməsi proqramı üzrə “Airbus” ilə qarşılıqlı faydalı əməkdaşlığımızı davam etdirməkdən məmnunuq və ikitərəfli tərəfdaşlığımızı gücləndirmək niyyətindəyik. İmzalanmış müqavilə sərnişinlərimizə ən müasir və komfortlu dar gövdəli təyyarələri ilə səyahət təmin edəcək.” – deyə AZAL QSC-nin birinci vitse-prezidenti Samir Rzayev bildirib.

“Airbus” Beynəlxalq Departamentinin rəhbəri və baş kommersiya direktoru Kristian Şerer vurğulayıb ki, “Bu sifariş “Airbus” və “Azərbaycan Hava Yolları” arasında məhsuldar əməkdaşlıqda mühüm mərhələdir. A320neo ailəsi öz donanması üçün sərfəli həllər axtaran aviaşirkətlər üçün ən yaxşı seçim olaraq qalır. Bu sifariş müştərilərimizin A320neo təyyarəsinin performansına və etibarlılığına inamının sübutudur. Əminik ki, bu qərar “Azərbaycan Hava Yolları”nın uzunmüddətli perspektivdə davamlı inkişafına töhfə verəcək”.

AZAL Airbus 6

Hazırda AZAL-ın donanmasına 14 “Airbus” təyyarəsi: 4 ədəd A319ceo, 6 ədəd A320ceo, 2 ədəd A340 və ilin əvvəlindən 3 yeni nəsil A320neo təyyarəsi daxildir.

Aviaşirkət yerli və beynəlxalq marşrut şəbəkəsini inkişaf etdirmək üçün A320neo ailəsinin səmərəli təyyarələrindən istifadə etməyi planlaşdırır.

A320neo təyyarələri böyüdülmüş “Sharklets” qanad ucları, CO2 emissiyalarını azaldan və ən azı 20% yanacaq qənaəti təmin edən yeni nəsil mühərriklər kimi ən son texnologiyalarla təchiz edilib.

A320neo ailəsi 135 müştərinin 8700-dən çox sifarişi ilə dünyada ən populyar hava gəmisi növüdür.

Menecerlər